Prezident hakimlərin təyinatı ilə bağlı sərəncam imzaladı

19 İyul 2019 18:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər Rayon Məhkəməsinin hakimi M.S.Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin iş yerlərinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrinə uyğun olaraq, Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Sərxoş oğlu Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq, aşağıdakı hakimlərin iş yerləri dəyişdirilsin:

2.1. Yaşar Xanoğlan oğlu Həşimov Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi təyin edilsin;

2.2. Zamin Cəbrayıl oğlu Tahirov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Balakən Rayon Məhkəməsinin hakimi təyin edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.