Mütərəqqi ideyaların carçısı olan "Əkinçi"nin yaranma tarixindən 144 il ötür

19 İyul 2019 16:18 (UTC+04:00)

Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də, bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması böyük əks-səda doğurdu. Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlmisində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar, ilk növbədə, onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə misilsiz iş görür. Cəmi 56 sayı işıq üzü görən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edilib və müxtəlif mövzularda xəbərlər və məqalələr dərc olunub.

MAARİFLƏNMƏ VƏ DEMOKRATİKLƏŞMƏ UĞRUNDA MÜBARİZƏ
"Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir. Bu qəzet cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyub. 1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq, ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan nəşr edilmişdi. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə, birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır.
1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdu. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə, o, çapını dayandırmışdı. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı. XX əsrdə isə, Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdu. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdu. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı.
Artıq "Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. Mütərəqqi ideyaların carçısı olan "Molla Nəsrəddin" jurnalı müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı amansız satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı. Bütün təqib və təzyiqlərə baxmayaraq, "Molla Nəsrəddin"in haqq səsi, çox keçmədən, Qafqazın hüdudlarını aşıb Rusiyada, türk aləmində, bütün Yaxın və Orta Şərqdə eşidildi. Jurnalın mövzu və təsir dairəsi çox geniş idi. "Molla Nəsrəddin"in müasir ədəbiyyat, maariflənmə, demokratikləşmə uğrunda mübarizəsi, onun güclü satirası jurnalda əməkdaşlıq edən şair və yazıçıların yaradıcılıq istiqamətini müəyyən etmiş, onların görkəmli sənətkar kimi formalaşmasında həlledici amil olmuş, beləliklə də, "Mollanəsrəddinçilik" adlı böyük bir ictimai-ədəbi hərəkat yaranmışdı.
Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən "Azərbaycan" qəzetinin dahi Üzeyir bəy Hacıbəyov tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir. Əslində, Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, "Əkinçi" prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə nəşrə başlayan "Maarif" və "Qırmızı günəş", 1923-cü ildən çıxan "Gənc pioner", 1927-ci ildən çıxan "Pioner" jurnalları, "Azərbaycan pioneri" qəzeti və s. mətbuat orqanlarını qeyd etməliyik.
1923-cü il ildə Bakıda Şərq qadınlarının, xüsusilə, Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan "Şərq qadını" nəşr olunub. 1938-ci ildən "Şərq qadını", "Azərbaycan qadını" adı ilə nəşr olunmağa başlayıb.
1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək, "Müəllim qəzeti" adlandırıldı. Sonrakı illərdə "Ədəbiyyat", "Azərbaycan pioneri", "Kirpi" jurnalı, "Bakı" və s. qəzetləri meydana gəlmişdir.
DEMOKRATİK MƏTBUATIMIZ AZADLIQ VƏ MÜSTƏQİLLİK DƏYƏRLƏRİNİN TƏBLİĞÇİSİNƏ ÇEVRİLDİ
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ulu Öndər KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. "Jurnalistlərin dostu" adını qazanmış Ulu Öndər Heydər Əliyev, ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.
ÖLKƏMİZDƏ MƏTBUATA GÖSTƏRİLƏN DÖVLƏT QAYĞISI DAVAMLI VƏ SİSTEMLİ SƏCİYYƏ DAŞIYIR
Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə və jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə, "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə, təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır.
Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb edir.
Jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsatin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. 2016-cı il iyulun 21-də dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrıldı. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrıldı. 2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin, üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat ayrıldı. Dövlətimizin başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı.
" BÜTÖVLÜKDƏ, SÖZ AZADLIĞI HƏR BİR ÖLKƏ ÜÇÜN, ÖLKƏNİN İNKİŞAFI ÜÇÜN ƏN VACİB OLAN MƏSƏLƏLƏRDƏN BİRİDİR "
Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev 2017-ci ildə də "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.
Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir. Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir. "Bütövlükdə, söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir" deyən Cənab İlham Əliyev bu sahədə ölkəmizin çox böyük və uğurlu yol keçdiyini bildirib. Bunu təsdiqləyən kifayət qədər faktlar mövcuddur. Belə ki, bu gün Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Yüzlərlə qəzetin nəşri vasitəsilə dünyada gedən bütün proseslər sərbəst şəkildə diqqətə çatdırılır.
Göründüyü kimi, Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini, tam mənada, həll etməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə zəruri addımlar atılır. Bu gün artıq mətbuatımızın 144-cü ildönümünü qeyd edirik. Mətbuat Günü təkcə jurnalistlərin yox, bütövlükdə, cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır. Böyük bir tarixi yol keçən milli mətbuatımızın xalqımızın həyatında çox böyük rolu var. Mətbuat demokratik prinsiplərin əhatə olunmasında ən başlıca vasitədir.
Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.
Prezident İlham Əliyev tərəfindən, bütün sahələrdə olduğu kimi, milli mətbuat da diqqətdə saxlanılır və həssaslıqla yanaşılır. Bütün bunlar Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyi yüksək qiymətin göstəriciləridir.
Təbii ki, respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Bu gün belə diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub- saxlanması və təbliğində mühüm rol oynayır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə əməl etməlidir. Mətbuat işçilərinə göstərilən diqqət jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur.

Nəzakət ƏLƏDDİNQIZI