“Qloballaşma və milli kimlik” FOTOLAR

18 İyul 2019 16:57 (UTC+04:00)

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Oğuzda “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Fondun icraçı direktor müavini Rəfi Qurbanov, şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Oğuz Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ayaz Ağayev, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Seminarı giriş sözü ilə açan Oğuz RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ayaz Ağayev keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq qloballaşmanın tarixindən, inkişafından, cəmiyyətə müsbət və mənfi təsirlərindən danışıb.

Seminarda çıxış edən Fondun icraçı direktor müavini Rəfi Qurbanov qloballaşmanın getdikcə müxtəlifliyin dərinləşməsinə təkan verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, mədəniyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün xalqları eyni çətir altına toplamağa çalışan qloballaşma fərdlərin milli kimliklərinin qorunmasını labüd edir. Bu baxımdan millətlərin milli kimliyinin qorunması, eləcə də xalqın özünə mənsub olan mədəni irsi gələcək nəsillərə ötürülməsi məsələsi dünya dövlətlərinin əsas siyasi gündəliyini təşkil edir.

Azərbaycan milli kimliyinin özünəməxsusluğunu qeyd edən fondun icraçı direktorunun müavini Rəfi Qurbanov bildirmişdir ki, mədəni müxtəlifliyə hörmət, vəhdət, dünyəvilik milli kimliyimizin məhək daşıdır.

Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov bildirib ki, qloballaşmanın gətirdiyi yeniliklər cəmiyyətlər qarşısında yeni tələblər və vəzifələr ortaya çıxarır. Biz cəmiyyət olaraq həm mənfi, həm də müsbət xüsusiyyətlərə malik olan qloballaşma prosesindən ümumbəşəri dəyərləri əxz etsək də, tarixi-mədəni keçmişimizdən gələn milli-mənəvi dəyərlər sistemini və ənənələrimizi qorumağa çalışmalıyıq.

Sonda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.