Sabir Rüstəmxanlı: "Biz öz millətimizin taleyinə biganə qala bilmərik" - AÇIQLAMA
12 Fevral 2011 21:41 (UTC+04:00)
"Mən bəzi qəzetlərdə İranla bağlı yazılara və çıxışlara etirazı oxudum. Niyə ziyalılar, deputatlar məhz fikirlərini indi deyirlər? Burada bir məntiq var ki, nəyə görə biz indiyədək susmuşuq". Bu sözləri Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, milət vəkili Sabir Rüstəmxanlı SİA-ya açıqlamasında deyib.
İrana qarşı etirazların kampaniya şəklində aparılmasının əleyhinə olan millət vəkili: "Mən kampaniyaçılığın əleyhinəyəm. Bütün ömrüm boyu İranda yaşayan qardaşlarımızın hüquqlarını qorumaqla məşğul olmuşam. Həmsədri olduğum Dünya Azərbaycanlıları Konqresi uzun illərdir bu məsələ ilə bağlı öz fikirlərini deyir. Bu günlərdə Cenevrədə insan haqları komissarı ilə görüşdüm. Orada mütəxəssislərin iştirakı ilə İrandakı azərbaycanlıların vəziyyətinə dair bütün məlumatları ortaya qoydum. Bundan əlavə mən tarixi Azərbaycan torpaqlarında yaşayan 35 milyon soydaşımızın neçə yaşaması ilə bağlı ətraflı məlumat verdim və fikirlərimi söylədim. Belə bir qərara gəldik ki, biz ardıcıl olaraq onlarla əlaqə saxlayaq, yaranan vəziyyətlə bağlı tez-tez məlumatlar verək", - deyib.
Bu il insan haqları komissarının İrana səfər edəcəyini deyən millət vəkilinin sözlərinə görə, səfərdən öncə onlarda soydaşlarımız haqqında məlumatların olması daha düzgündür: "Bundan əvvəl də mən iki dəfə BMT-də görüşlərdə olmuşam və fikirlərimi demişəm. Buna görə də heç bir mətbuat orqanı və ya jurnalist məni bu məsələdə sanki hakimiyyətin tapşırığı və ya onların mövqeyindən danışan adam kimi dəyərləndirə bilməz. Ona görə ki, bu mənim illərdir apardığım işdir və DAK-ın fəaliyyəti də bu istiqamətdədir. Bu məsələ Dağlıq Qarabağ kimi milli bir məsələdir. İstəməzdim ki, bu məsələdə fikir ayrılıqları olsun. Gec-tez bu məsələ gündəmə gəlməliydi. Biz öz millətimizin taleyinə biganə qala bilmərik. Millətimizin hüquqları tapdalanır.
İranın prezidenti Ermənstan prezidenti ilə görüşərək Azərbaycana acıq verir ki, baxın mən terrorçunun əlini belə tuturam, onu belə bağrıma basıram. Azərbaycanda gedən sərt müsahibələr və yazılardan sonra İran mətbuatı bir az da həvəslə Ermənistanla əlaqələr haqqında yazılar verir. Bizim İran xalqı ilə heç bir problemimiz yoxdur. Bizim problemimiz İranın indiki rejimilədir. Bizim onlarla siyasi savaşımız var. Biz bu siyasi savaşı davam etdirməliyik. Nə Qarabağ, nə də cənub məsələsi ayrı seçkiliyə haqq vermir. Burada radikal, qeyri-radikal iqtidar, müxalifət, millət hər zaman sözünü bir yerdə deməlidir".