RAİ Bakıda konfrans keçirib

17 İyul 2019 16:04 (UTC+04:00)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təşəbbüsü ilə “Rusiya -Azərbaycan münasibətlərində diaspor vacib amil kimi: KİV-in rolu və müasir proseslər” adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, media və QHT nümayəndələrinin qatıldığı konfransda Rusiya-Azərbaycan münasibətlərinin mühüm aspektləri müzakirə edilib.

Konfransı giriş sözü ilə açan RAİ-nin mətbuat xidmətinin rəhbəri Anar Həsənov konfransın məqsədləri haqqında ətraflı məlumat verib.

O, Rusiyada yenidən təşkilatlanma mərhələsində olan Azərbaycan diasporunun fəaliyyətində medianın mühüm rol oynadığını qeyd edib: “Bildiyiniz kimi, Rusiyadakı regional diaspor təşkilatları yekdilliklə xeyriyyəçi iş adamı Füzuli Məmmədovu Rusiya Azərbaycanlıları İttifaqının sədri seçdilər.Rusiyanın bır sıra dövlət rəsmiləri Azərbaycan haqqında artıq müsbət mesajlar səsləndirirlər. Bu, belə də olmalıdır. Ancaq əsas məsələ Rusiya vətəndaş cəmiyyətinin də Azərbaycan haqqında münasibətinin müsbətə doğru dəyişməsinə nail olmaqdır. Biz bu istiqamətdə çalışırıq. Rusiya telekanallarına çıxa bilən azərbaycanlı ekspertlərin sayı artmalıdır. Buradakı görüşlərimizdə də bunun zəruriliyini bizə açıq şəkildə bildirirlər. Bizim çox güclü insan kapitalımız və potensialımız var. Ona görə də, hesab edirəm ki, yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq. RAİ Rusiyanın 56 regionunu əhatə edir. Ümid edirik ki, yaxın zamanlarda təşkilat rəsmi qeydiyyatdan keçəcək və bunu yüksək səviyyədə qeyd edəcəyik”.

Anar Həsənovun sözlərinə görə, RAİ bəyanatlarla deyil, həyata keçirdiyi müsbət işləri ilə gündəmdə olacaq.

Qeyd edək ki, konfransda Rusiya Azərbaycanlıları İttifaqının təşəbbüsü və maliyyə dəstəyi ilə fəaliyyətə başlayan Azunion.org saytı da təqdim olunub.