Azərbaycan və BMT arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə əməkdaşlıq müzakirə olunub
12 Fevral 2011 20:37 (UTC+04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Arun Salo Nqarmı ilə görüşüb. SİA-nın xəbərə görə, görüşdə ombudsmanla BMT QAK arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsi, gələcək fəaliyyət perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Müvəkkil ölkədə ən ağrılı problemlərdən birinin qaçqın və məcburi köçkünlərin problemləri olduğunu söyləyib, Ermənistanın təcavüzü nəticəsində bir milyon azərbaycanlının hüquqlarının kütləvi surətdə pozulduğunu, öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini qeyd edərək, onların sosial-iqtisadi problemlərinin həlli, hüquqlarının təmini və müdafiəsi ilə bağlı təsisatda görülən işlər barədə danışıb. O, bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar təkliflər hazırlandığını və müvafiq orqanlara göndərildiyini söyləyib.
A.S.Nqarm son illərdə Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, bu qəbildən olan əhalinin hüquqi müdafiəsinin möhkəmləndirilməsi, problemlərinin həlli istiqamətində mühüm işlər görüldüyünü söyləyib.
Müvəkkil qaçqın və məcburi köçkünlərin hüquqları sahəsində birgə layihələrin həyata keçirilməsini, müvafiq İşçi qrupunun yaradılmasını, Ombudsman Aparatının əməkdaşlarının da bu qrupun işinə qatılmasını təklif edib. O, həmçinin qonağı sayca doqquzuncu olacaq ombudsmanların növbəti Bakı beynəlxalq konfransa dəvət edərək, bu tədbirdə qaçqın və məcburi köçkünlərin problemlərinin, bu problemlərin həllinin də müzakirəsini tövsiyə edib. Qonaq İnsan Hüquqları üzrə Müvəkkilə faydalı fikir mübadiləsi, səmərəli təkliflər üçün minnətdarlığını bildirib, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdiriləcəyini söyləyib.