Gürcüstan vətəndaşları sərhədçilərimizə qarşı insident törədiblər - DSX

15 İyul 2019 16:36 (UTC+04:00)

İyulun 14-də saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

DSX-nin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülüb. İnsident qısa müddətdə aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb. Gələcəkdə belə hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib.