Gürcüstanda erməni yaxalanıb

15 İyul 2019 17:22 (UTC+04:00)

Nüvə materiallarının daşınmasına görə Gürcüstanda erməni vətəndaşı saxlanılıb. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti radioaktiv maddələrin qeyri-qanuni istifadəsi və gömrük qaydalarının pozulması faktı ilə bağlı Ermənistanın vətəndaşını saxlayıb.

Məlumata görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi radioaktiv maddələrin qeyri-qanuni istifadəsi üzrə axtarış aparıb və Sadaxlo yoxlama-buraxılış məntəqəsində radioaktiv maddələr aşkarlanıb.
İstintaq zamanı müəyyən edilib ki, Ermənistan vətəndaşı tərəfindən idarə olunan bir yük mikroavtobusu vasitəsilə Gürcüstandan keçməklə Ermənistandan Rusiya Federasiyasına dörd paketdə paketlənmiş radioaktiv maddə aparılır. Ekspertiza zamanı paketlərdə ümumi çəkisi 71,63 kq olan nüvə materialları kateqoriyasına aid radioaktiv izotop "torium 232" olduğu müəyyən olunub.
Nazirliyin məlumatına görə, araşdırma radioaktiv materialların qeyri-qanuni dövriyyəsi və daşınması faktı ilə bağlıdır. Gürcüstanın Cinayət Məcəlləsinin 230-ci maddənin birinci hissəsinə və 241-ci maddəsinin dördüncü hissəsinə əsasən, beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.