Namiq Əliyev: “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır” RƏY-ÖZƏL

15 İyul 2019 17:00 (UTC+04:00)

“Azərbaycan dövləti daimi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl mübarizə aparır və bu gün də bu proses davam edir”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, lakin Dağlıq Qarabağ və onun ətrafı ilə birlikdə 20 faiz ərazimizin Ermənistan tərəfindən işğalı ilə bağlı olaraq, bu zonaya nəzarət edə bilmirik: “Məhz işğal nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz bölgəyə çevrilib. Orada nəinki narkotik tərkibli bitkilər becərilir, hətta yayılan məlumatlara görə, yeni növ narkotiklərin istehsalı üçün laboratoriyalar da açılıb. Buradan Avropaya və digər ərazilərə narkotik vasitələr göndərilir. Əldə edilən gəlirlərdən terrorçu qrupların yaradılmasında, onlara təlim keçirilməsində istifadə edilir. Onu da vurğulamaq lazımdır ki, işğal altındakı ərazilərdən narkotik vasitələrin qanunsuz istehsalı və tranziti üçün istifadə edilməsi beynəlxalq terrorizmin genişlənməsinə də münbit şərait yaradır. Bu faktlar Azərbaycan dövlətinin beynəlxalq təşkilatlara göndərdiyi hesabatlarda da öz əksini tapıb. Dəfələrlə yüksək səviyyəli görüşlərdə, beynəlxalq konfranslarda nəzarətsiz bölgədə narkotik vasitələrin istehsalı və taranziti ilə bağlı məsələlər dövlətimizin rəsmi şəxsləri tərəfindən qaldırılıb. Lakin, təəssüflər olsun ki, hələ də müvafiq beynəlxalq təşkilatlarda bu əməli ilə bağlı Ermənistanın əleyhinə heç bir ciddi qərar qəbul edilməyib. Beynəlxalq təşkilatların ikili standartlar siyasəti, digər sahələrdə olduğu kimi, bu sahədə də özünü qabarıq şəkildə göstərir”.

GÜLYANƏ