Qəbul imtahanlarında qızlar və oğlanlar daha çox hansı ixtisasları seçir?
12 Fevral 2011 00:58 (UTC+04:00)
Əvvəlki illərdə olduğu kimi, ötən il də qızların və oğlanların ixtisas qruplarına münasibəti fərqlənib. Bu barədə SİA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə qəbul imtahanlarında qızların və oğlanların hansı ixtisasları seçməsinə münasibət bildirərkən deyib. O bildirib ki, ötən il həm Azərbaycan, həm də rus bölməsinin oğlan abituriyentlərinin istəyi "Riyaziyyat, fizika və mühəndislik", "İqtisadiyyat və idarəetmə" ixtisaslarına olub. Onun sözlərinə görə, Azərbaycan bölməsində oğlanların 70,47%-nin, rus bölməsində isə 75,73%-nin istəyi bu ixtisaslara olub. Bu rəqəmlərin oğlan abituriyentlərinin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərdiyini deyən E.Nağızadə qeyd edib ki, bu maraq ildən-ilə zəifləmir, əksinə artır.
O, abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına eyni istək göstərdikləri halda nə üçün I qrupda aşağı, II qrupda isə yüksək keçid balı formalaşdığı sualını da cavablandırıb. Mətbuat katibi vurğulayıb ki, bunun səbəblərindən biri texniki ixtisaslar qrupunda plan yerlərinin çox olmasıdır.
"Ümumi qəbul planının 31,24 faizi bu ixtisas qrupunun payına düşür. Digər səbəb isə bu qrupun abituriyentlərinin birtərəfli hazırlığa malik olmasıdır. Statistik təhlillər göstərir ki, texniki ixtisas qrupunun abituriyentləri əsasən, bir və ya iki fənn üzrə yaxşı hazırlıq keçir. Digər fənlərə isə səthi münasibət göstərirlər. Nəticənin aşağı olmasının başqa bir obyektiv səbəbi isə bu qrupun 5 imtahan fənnindən 3-nün çətin hesab olunan və abituriyentlərdən xüsusi məntiqi düşüncə, təfəkkür, fəza təsəvvürü bacarığı tələb edən dəqiq və təbiət fənləri ilə bağlıdır. Bu, abituriyentlərdən hazırlıq dövründə, eləcə də imtahan zamanı sualların cavablandırılmasına digər qrupların fənləri ilə müqayisədə daha çox vaxt tələb edir. Oğlan abituriyentlərin "tibb, kimya, biologiya və psixologiya ixtisaslarına" istəkləri çox zəifdir. Azərbaycan bölməsi üzrə bu rəqəm 12,98%, rus bölməsi üzrə isə 9,27%-dir", - deyə o əlavə edib.
TQDK rəsmisi vurğulayıb ki, qız abituriyentlərinin humanitar ixtisasları özündə birləşdirən III ixtisas qrupuna istəkləri çox yüksəkdir. Onun sözlərinə görə, Azərbaycan bölməsində qız abituriyentləri həmişə olduğu kimi II qrup üzrə "iqtisad və idarəetmə" ixtisaslarına az maraq göstərirlər. E.Nağızadə qeyd edib ki, bu bir tərəfdən iqtisad ixtisaslarına tələbatın əsasən şəhərdə olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən respublikanın regionlarını təmsil edən qızların riyaziyyat və xarici dil fənləri üzrə hazırlıqlarının zəif olması ilə bağlıdır".