Niyə məhz Bakı ? RƏY-ÖZƏL

11 İyul 2019 14:39 (UTC+04:00)

“NATO və Rusiya generallarının görüş məkanı kimi Bakını seçməsi onu göstərir ki, Azərbaycan strateji mövqelərini regional və dünya siyasətində qoruyub saxlayır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Azərbaycanın hərbi-siyasi baxımdan strateji coğrafi ərazidə, regionda yerləşdiyini xatırladan politoloq söyləyib ki, bu amil də dialoq məkanı kimi Bakı şəhərinin seçilməsində özünəməxsus rola malikdir.

Onun sözlərinə görə, tərəflərin müzakirələri Avropa qitəsində, Yaxın Şərqdə cərəyan edən prosesləri əhatə edir: “Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir, ölkəmizin yaxşı logistikası – nəqliyyat imkanları, infrastrukturu var. Bu kimi amillər də ayrı-ayrı qütbləri təmsil edən güclərin dialoq, fikir mübadiləsi, müzakirə aparmaq üçün məhz Azərbaycanı seçməsində vacib rol oynayır”.

I. Vəlizadə qeyd edib ki, istənilən görüş və ya beynəlxalq tədbirlərin keçirilməsində təhlükəsizlik məsələsi mühüm əhəmiyyət kəsb edir: “Çünki yüksək səviyyəli, mühüm görüş və ya tədbirlərdə hər zaman hansısa təxribat baş verə bilər. Bu isə beynəlxalq səviyyədə gərginliklə nəticələnər. Təcrübə göstərir ki, hər iki tərəf Azərbaycanın, onun paytaxtının imkanlarına bələdddir və buna arxalanırlar. Bütün bu səbəblərə görə də danışıqlar aparmaq üçün məkan olaraq daim Bakı seçilir”.