“İslam sivilizasiyası Qafqazda” TƏDBİR -FOTO

11 İyul 2019 13:34 (UTC+04:00)

Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, simpozium iştirakçıları Azərbaycanın tarixi-dini abidələrinin fotolarından ibarət sərgi ilə tanış olublar. Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov prezident İlham Əliyevin Simpozium iştirakçılarına müraciətini səsləndirib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub.

C.Məmmədov Azərbaycanın dünyada tolerantlıq, multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi ölkə kimi tanındığını vurğulayıb. Onun sözlərinə görə, bu ideyaların təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi olaraq vurğulanmalıdır. Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğunu bildirən C.Məmmədov ölkədə çox sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, təmir edildiyini diqqətə çatdırıb: “Qafqazın ən böyük məscidi olan “Heydər Məscidi”nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir”.

Daha sonra tədbirdə çıxış edən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRSİCA) Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyl dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir: “Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır”.

Halit Eren qeyd edib ki, Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. İslam sivilizasiyasının Qafqazda yayılması daha çox Azərbaycanla bağlı olduğundan, belə bir tədbirin burada reallaşması çox məqsədəuyğundur.