Erməni nazir AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin bərpasından narahatlığını dilə gətirib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu ölkədə səfərdə olan ukraynalı həmkarı Konstantin Qrişenko ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın ATƏT-in Minsk qrupu əvəzinə başqa formatlarda münaqişəni həll etmək istədiyini bildirib.
"ATƏT-in Minsk qrupu münaqişənin həllində vasitəçilik edir, qurum sülh prosesi və prosesin indiki vəziyyəti ilə tanışdır", - deyən E.Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Beynəlxalq Böhran Qrupunun son bəyanatına da toxunub. O, söyləyib ki, müxtəlif ekspertlərin eyni problemlə bağlı müxtəlif şərhləri olsa da fikirlər həmişə reallığa uyğun gəlmir.
Qeyd edək ki, AŞPA-nın qış sessiyasında qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsi bərpa olunub. İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xucla Costa Komitənin yeni sədri seçilib. Ermənistan isə Alt Komitənin yaranmasının əleyhinə səs verib.
Beynəlxalq Böhran Qrupu isə son hesabatında Azərbaycanla Ermənistan arasında yeni müharibə təhlükəsi barədə xəbərdarlıq edib. Qrup müharibənin qarşısını almaq üçün bir sıra tövsiyələrlə çıxış edir. Mərkəzi Brüsseldə yerləşən təşkilatın açıqlamasında deyilir ki, keçən il ərzində Azərbaycanla Ermənistan arasında münasibətlər daha da pisləşib və iki tərəf də hərbi imkanlarını artırıb. Bu isə iki Cənubi Qafqaz respublikası arasında yeni bir hərbi konflikt başladığı təqdirdə bunun 1994-cü ildə ateşkəs razılığı ilə başa çatan birinci müharibədən daha çox insan tələfatı və dağıntıya səbəb olacağı deməkdir.
Sənəddə deyilir ki, hətda tərəflərdən biri cəbhə boyu geniş miqyaslı hücuma keçməsə belə iki ölkəninn qoşunları arasında təmas xəttində başverən kiçik atışmalar nəzarətdən çıxa bilər. Beynəlxalq Böhran Qrupu açıqlamasında Birləşmiş Ştatlar, Avropa Birliyi, Rusiya və Türkiyəni hadisələrin belə bir istiqamətdə gedişinin qarşısını almaq üçün addımlar atmağa çağırıb.