Naxçıvan Dövlət Tarix Muzeyinə 340 yeni eksponat təqdim olunub

10 İyul 2019 17:10 (UTC+04:00)

Naxçıvan Dövlət Tarix Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı tədbir olub. SİA xəbər verir ki, muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov muxtar respublikada mədəniyyət müəssisələrinə göstərilən diqqət və qayğıdan bəhs edib.

Vurğulanıb ki, digər muzeylər kimi, Naxçıvan Dövlət Tarix Muzeyinin də fondu ildən-ilə zənginləşir. 2018-ci ildə muzeyə 346 eksponat daxil olmuşdursa, cari ilin birinci yarısında muzey fondu 529 eksponatla daha da zənginləşdirilib.

Qeyd edilib ki, bu gün muzeyə İkinci Dünya müharibəsi veteranları, mərhum Adil Cəfərova və Yunis Qasımova aid 340 eksponat təqdim olunur. Bu eksponatlar içərisində hər iki veteranın təltif olunduğu orden və medallar, onların vəsiqələri, tarixi sənədlər, foto¬şəkillər, xəritə-sxemlər və digər şəxsi əşyaları var.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, Adil Cəfərovun oğlu Fəxrəddin Cəfərov, Yunis Qasımovun nəvəsi Anar Xudiyev və Naxçıvan şəhər sakini Xoşqədəm Bağırova təqdim olunan eksponatların gənc nəslin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən söhbət açıblar.

Sonda tədbir iştirakçıları yeni eksponatlarla yaxından tanış olublar.