Şəmsəddin Hacıyev: "Təhsildə korrupsiya mövcud deyil, lakin neqativ hallar var"

11 Fevral 2011 23:13 (UTC+04:00)

"Korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri daşımır. Məlum yığıncaqdan sonra son dövrlərdə bütün sahələrdə sistemli şəkildə korrupsiyaya qarşı mübarizə daha da ciddiləşib. Elə sistem, elə mexanizm yaradılır ki, bu korrupsiyanın tamamilə aradan qaldırılmasına təsir edəcək". Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bu barədə SİA-ya açıqlamasında bildirib ki, təhsil sahəsində korrupsiya mövcud deyil, lakin neqativ hallar var. Belə ki, neqativ hallara daha çox müəllim və tələbə münasibətində rast gəlinir: "Təhsil sahəsində neqativ hallara müəllim və tələbə münasibətində rast gəlmək olar. Əslində mən buna korrupsiya deməzdim. Amma neqativ hallar var. Bunu aradan qaldırmaq üçün yollar olduqca çoxdur. Bu proses ən əsası imtahan zamanı baş verir. Elə etmək olar ki, onlar bir-birini görməsinlər. Kompüterlə imtahan verilsin və oradaca öz qiymətini bilsin. Belə ki, "Elektron Universitet" layihəsinin hazırlanması bu məsələyə bir dəfəlik son qoyacaq. Mütləq qanunvericilik bazasını təkmilləşdirmək lazımdır. Ümumiyyətlə, bütün sahələrdə korrupsiya olmamalıdır, xüsusilə də təhsildə".

 

"Dövlət İqtisad Üniversitetində də neqativ hallar mövcuddurmu?" sualına cavabında Şəmsəddin Hacıyev: " Ola bilər ki, hardasa oxumayan tələbə olsun, başqa yolu yoxdur. Amma oxuyan tələbə üçün heç bir problem yoxdur. Ümumiyyətlə, biz elə bir mexanizm formalaşdırmalıyıq ki, neqativlərə yol qalmasın"- deyə cavablandırıb.

 

Milli Məclisin yaz sessiyasında elm haqqında qanunun müzakirəyə çıxarılacağını deyən Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, Azərbaycanda vergi borclarının məcburi ödənilməsi və iflas prosesinin mükəmməlləşdirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var.