Azərbaycanlı alim Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

11 Fevral 2011 22:55 (UTC+04:00)
Bu gün Bakıda Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov və bir sıra akademik və alimlər L.Zadənin həyatından danışıb, onun qeyri-səlis məntiq nəzəriyyəsi barədə ətraflı məlumat veriblər.
Daha sonra tədbirdə Lütfi Zadənin dövlət başçısına təşəkkür məktubu səsləndirilib.
Tədbirin davamında alimin həyat və yaradıcılığını əks etdirən film təqdim olunub. Filmdə L. Zadənin elm sahəsinə etdiyi töhfələri, onun doğma vətəninə səfəri zamanı keçirdiyi görüşlər öz əksini tapıb.
Qeyd edək ki, L.Zadə 1921-ci ilin fevralın 4-də Bakıda anadan olub, 1942-ci ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib, 1944-cü ildə ABŞ-a köçüb və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib (1946-cı ildə elektrik mühəndislik sahəsi üzrə diplom alıb). Kolumbiya Universitetinin aspiranturasına daxil olan L.Zadə 1949-cu ildə dissertasiya müdafiəsindən sonra həmin təhsil müəssisəsinin mühəndislik bölməsində assistent kimi fəaliyyətini davam etdirib, 1959-cu ildən Berkli Universitetində professor olub, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edir. L.Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi onun dünya şöhrətli alim olduğunun göstəricilərindən biridir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib - qeyri-səlis çoxluq.