Fevralın 8-də Xarici dairəvi küçəsində Bakı şəhər sakinləri Rəsul Rəsulov və qardaşı Sənan, Kürdəmir rayon sakini İlkin Süleymanovu döyüblər, sonuncu KTM-ə yerləşdirilmiş və fevralın 10-da orada ölüb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisədə şübhəli bilinənlər R.Rəsulov və qardaşı Sənan Binəqədi RPİ CAŞ-ın əməkdaşları tərəfindən yaxalanıblar.
2010-cu il 31 dekabr saat 09:00-dan 2011-ci il 1 yanvar saat 15:00-dək olan müddətdə Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsində yaşayan Sevda Səmədovanın mənzilindən 4000 manat, 300 avro və qızıl-zinət əşyaları oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində mənzildən oğurluq etməkdə şübhəli bilinən Bakıxanov qəsəbə sakini Rauf Nəsrəddinov Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.
Nəismi RPİ 22-ci PB-nin əməklaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan Samir Əfəndiyev tutulub.
Yasamal RPİ Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Həsənovdan 2 kiloqram 640 qram tiryək aşkar olunaraq götürülüb.
Fevralın 7-si saat 23:30 radələrində Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsində naməlum avtomaşın Zığ qəsəbə sakini Nahid Xankişiyevi vurmuş, sonuncu xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ 33-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni "Mersedes" markalı avtomobili ilə törədən Famil Axundov fevralın 10-da saxlanılıb.