Əli Abbasov: "Stasionar telefon rabitəsi şəbəkəsində xidmət tariflərinin təkmilləşdirilməsi üzrə işlər aparılır"
11 Fevral 2011 20:57 (UTC+04:00)
"Hazırda Azərbaycanda 30 telekommunikasiya qovşağının təmirə ehtiyacı var ki, bunun da 5-i Bakı şəhərindədir. SİA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında məlumat verib. O bildirib ki, bütün MDB və xarici ölkələrdə telekommunikasiya qovşaqlarının təmirə ehtiyacı olur və bu adi haldır. Masallı Telekommunikasiya Qovşağında baş verən hadisəyə toxunan nazir qovşağın fəaliyyətinin tədricən bərpa olunduğunu, yaxın 3-4 gün ərzində isə tam yekunlaşacağını bildirib: "Bir çox xarici ölkələrdəki telekommunikasiya qovşaqlarının istismarı bizdəki qovşaqlarla eynidir. Ona görə onlar da Masallıda baş verən hadisənin səbəblərini bilməkdə maraqlıdırlar. Hadisənin səbəbi məlum olduqdan sonra yəqin ki, biz də, onlar da öz fəaliyyətlərində bunu nəzərə alacaqlar".
Açıqlaması zamanı "Azərpoçt" MMC-nin bank və maliyyə xidmətləri göstərməsi məsələsinə də toxunan nazir bildirib ki, Azərbaycanın "Azərpoçt" MMC-nin bank və maliyyə xidmətləri göstərilməsində heç bir problemi yoxdur. Onun sözlərinə görə, "Azərpoçt" bu il ərzində etibarlı sistemin təşkili ilə məşğul olacaq: "İşlər planlaşdırılmış qrafik üzrə aparılır".
"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi stasionar telefon rabitəsi şəbəkəsində xidmət tariflərinin təkmilləşdirilməsi üzrə işləri davam etdirir. Əsas məqsəd qiymətlərin aşağı salınmasıdır. Xidmətlər və texnologiyalar elə bir səviyyəyə çatıb ki, müştərilərin alıcılıq qabiliyyətini qiymətləndirməyə avtomatik olaraq imkan verir. Bununla əlaqədar yeni tariflər əhalinin sosial təbəqəsinin vəziyyətinə uyğun differensial yanaşma əsasında tətbiq olunacaq. Əsas məqsəd aztəminatlı əhali üçün telefon və buna oxşar avadanlıqların qiymətlərinin aşağı salınmasıdır. Bu asan məsələ deyil. Ona görə də Tarif Şurası ilə işlər davam etdiriləcək",- deyə nazir qeyd edib.