Şərqlə Qərbin kəsişməsində, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan ta qədimdən çoxsaylı xalqların birgə və mehriban yaşadığı məkan olub. Azərbaycanda milli zəmində hər hansı ciddi problem yaşanmayıb, hansısa xalqın nümayəndəsinə qarşı ayrı-seçkiliyə yol verilməyib, bütün millətlərin, etnik qrupların dini inancları, siyasi və mədəni hüquqları yüksək səviyyədə qorunub. Ölkədə hər bir əhali qrupunun inkişafı üçün normal şərait yaradılıb, tolerantlıq mühiti tam təmin olunub. Bu gün bütün beynəlxalq qurumlar, dövlətlər Azərbaycanı tolerantlığa nümunə adlandırırlar.
“Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir”
Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində bildirmişdir: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Ölkəmiz müstəqillik qazandıqdan sonra ölkəmizdə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib, din-dövlət münasibətlərini tənzimləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Konfransı Təşkilatına üzv olub, müsəlman dövlətləri ilə diplomatik əlaqələr qurub. İslam dünyasının bir parçası olaraq Azərbaycan milli mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxlayır. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlər də məhz müsəlman dövlətləri olublar. Bu gün Azərbaycan bütün müsəlman dövlətləri ilə qarşılıqlı hüquq normalarına əsaslanan diplomatik münasibətlər qurub.
Bundan başqa Azərbaycan Avropa Şurasının, ATƏT-in, UNESCO-nun üzvü olmaqla bərabər, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların da üzvüdür. Müsəlman ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə Azərbaycanı dünyanın lider dövlətinə çevirən, hazırda ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” kimi yadda qaldı
2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan olunması vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addımdır. Çünki “İslam həmrəyliyi ili” yalnız din amilini deyil, eyni zamanda müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır.
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Tədbirlər Planı hazırlandı. Tədbirlər Planına uyğun olaraq həm ölkə daxilində, həm də xaricdə bir çox yüksək səviyyəli konfranslar, sərgilər, görüşlər və digər bu sahəyə aid olan tədbirlər təşkil edildi. Təkcə paytaxt Bakıda “İslam Həmrəyliyi" ilə bağlı onlarla maarifləndirici tədbirlər, konfranslar keçirildi. Paytaxt Bakı ilə yanaşı bölgələrədə, hətta ucqar kəndlərdə belə maarifləndirici tədbirlərin keçirilməsi bu sahəyə olan diqqətin bariz nümunəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icmaların bu sahəyə diqqətin yönəldilməsi, icmalara maliyyə vəsaitlərinin ayırlması Azərbaycanda dövlət və din münasibətləri yüksələn xəttlə inkişaf etməsini bir daha özündə göstərir. Bundan başqa Dövlət Komitəsi tərəfindən bir neçə kitab nəşr edilərək oxucuların istifadəsinə verildi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata müsahibəsində bildirib ki, Azərbaycan ənənəvi tolerant ölkədir. Azərbaycanda heç vaxt dini zəmində münaqişələr olmayıb. Burada yaşayan digər xalqlara qarşı hörmətlə yanaşılıb. Tarixə baxdıqda görərik ki, burada yaşayan başqa xalqlar həmişə dözümlü yaşayıblar. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Belə ki, Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsində aparılır.
"Bu addım nifaq salmaq istəyənlərə bir cavabdır"
Komitə sədrinin sözlərinə görə, Ümummilli lider Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan dövlət-din münasibətləri modeli sayəsində milli-mənəvi dəyərlərə qayıdışın əsası qoyulub, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilir, ölkədə dini etiqad, inanc azadlığı tam təmin edilir.
Ölkəmizdə digər sahələrdə olduğu kimi, din sahəsində də böyük uğurlar əldə edilib, kənardan dini zəmində münaqişələr, məzhəblərarası konfliktlər yaratmağa çalışanların qarşısı vaxtında alınıb. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızda əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunub, eyni zamanda, “Dini etiqad azadlığı haqqında” Qanunda geniş şəkildə öz əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycanın bu nümunəvi dövlət-din münasibətləri modeli digər dövlətlər tərəfindən də öyrənilir və tədqiq olunur.
"Azərbaycanda dini durumdakı sabitlik daha da möhkəmlənməkdədir"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu sahədə görülən işlərlə bağlı müsahibəsində bildirib ki, Azərbaycanda mövcud dini durum, dindarlaşma prosesinin əsas istiqamətləri, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin fəaliyyəti ilə bağlı Dövlət Komitəsində mütəmadi təhlil işi aparılır: "Fəaliyyətimizi bu təhlil işinin nəticəsinə əsasən qururuq. Son dövrlərdə aparılmış təhlillərin nəticəsi deməyə əsas verir ki, ölkədə dini durumdakı sabitlik daha da möhkəmlənməkdədir. Bunu müxtəlif səbəblərlə izah etmək olar. Amma, məncə, əsas səbəb həm dini konfessiyalarla, həm hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət, həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm zərərli dini qrupların iqtisadi dayaqlarının məhv edilməsi, həm də intensiv maarifləndirmə işinin aparılmasıdır".
“Avropadan gələn xaricilər təəcüblənirlər”
Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Kamal Abdulla bildirib ki, bu gün Azərbaycanda müsəlmanlarla yanaşı xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin nümayəndələri çox normal tolerant münasibətlə yanaşı yaşamaqdadırlar: “Azərbaycanda multikultural mühit hətta elə bir inkişaf səviyyəsinə çatıb ki, buradaki məzhəblərin nümayəndələri də bir –biri ilə son dərəcə isti və mehriban münasibətdədirlər. Məsələn, dünyanın ən böyük və ən gözəl məscidlərindən biri olan Heydər məscidində bu gün Azərbaycan sünniləri və Azərbaycan şiələri bir cərgədə namaz qılırlar. Müxtəlif dinlərə məxsus insanların bir -birinə belə mehriban münasibətini görəndə bəzən Avropadan gələn xaricilər təəcüblənirlər”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imam-camaatı hacı Şahin Həsənli müsahibəsində bildirib ki, Azərbaycanda dini sahə ilə bağlı atılan addımlar nəinki ölkə daxilində, beynəlxalq səviyyədə yükək dəyərləndirilir: "Təkcə ötən 3 ilə nəzərə yetirsək, onların biri Azərbaycanda "Multikulturalizm İli", digəri isə "İslam Həmrəyliyi İli" elan edildi. Ölkədə vəhdət namazları qılındı və yenə də qılınır, İslam Həmrəyliyi Oyunları keçirildi. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən biri də məhz müsəlman dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq, əməkdaşlığı genişləndirməkdir ki, buna da tədricən uğurla nail olunduğunun şahidiyik.
Bundan başqa istər Azərbaycanda yerli və beynəlxalq səviyyədə, istərsə də xarici ölkələrdə dini tolerantlıq və multikulturalizmlə bağlı silsilə mötəbər tədbirlər keçirildi və bu tədbirlərdə müxtəlif dövlətlərdən, o cümlədən, müsəlman ölkələrindən yüzlərlə nümayəndə iştirak etdi. Mən də o tədbirlərin bir çoxunda Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə iştirak etmişəm. Azərbaycandakı dinlərarası münasibətlər modeli onların əksəriyyəti üçün çox maraqlı idi. Əsrlər boyu müxtəlif din və məzhəb təmsilçiləri Azərbaycanda dinc və mehriban şəraitdə yaşayıb və yaşayır, aralarında da hər hansı ciddi problem yoxdur. Ona görə də bu model onlar üçün maraqlı və cəlbedici görünür”.
“Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb”
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının həyatında mətbuatın çox böyük rol oynadığını deyib. Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb. Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycan çoxkonfessiyalı bir ölkədir və konfessiyalar arasında münasibətlər çox yüksək səviyyədə qorunur. Biz bilməliyik ki, Azərbaycanda hansı dinin nümayəndələri yaşayır və hansı dini istiqamətlər var. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dini coğrafiyanı və dini prosesləri də bilməliyik ki, hansı proseslərin bizim üçün problem yaratdığını öyrənək”.
Sonda onu da qeyd edək ki, Azərbaycan İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir. İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olan Azərbaycan tarixən İslam mədəniyyətinə və elminə böyük töhfələr verib.
Ceyhun Rasimoğlu
Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəyə təqdim olunmaq üçündür