"Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır" - MÜSAHİBƏ

8 İyul 2019 15:04 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalın Radiologiya şöbəsində yüksək ixtisaslı həkim sonoloqlar tərəfindən qaraciyərin FibroSkan aparatında elastometriya müayinəsi aparılır. FibroSkan aparatının tətbiq sahəsi, digər aparatlardan fərqi və tibbi müayinələrdə rolu haqqında ətraflı məlumat əldə etmək üçün Mərkəzi Gömrük Hospitalın həkim-sonoloqu Tükəzban Abdullayevaya müraciət etdik.

- Tükəzban xanım, FibroSkan aparatında elastometriya müayinəsi haqqında nə deyə bilərsiniz?

- Fibroskan qısa zaman ərzində ultrasəs dalğalarından istifadə etməklə qaraciyər sərtliyini ölçən yeni tibbi cihazdır. Bu cihazla daha çox yağlı qaraciyərdə elastometriya müayinəsi aparılır. Fibroskan cihazi ilə qaraciyər biopsiyasi ilə alına bilən toxumaların ən az 100 qatı böyüklüyündə qaraciyər sahəsi müayinə edilir. Digər aparatlardan fərqi ondan ibarətdir ki, qaraciyər xəstələrində MRT, KT, ultrasəs müayinələrində fibroz görünmür. Xroniki qaraciyər xəstəlikləri (hepatit B, C, yağlı qaraciyər xəstəlikləri, dərman qəbuluna bağlı hepatitlər ) qaraciyərdə zamanla zədələnməyə yol açır və bu zədələnmə qaraciyər toxumasında fibroz əmələ gətirir. Bu üsul bizə ona görə əlverişlidir ki, bu invaziv deyil, adi ultrasəs dalğaları ilə qaraciyərin bütün paylarından gələn məlumatlar Fibroskan cihazına ötürülür, Fibroskan qaraciyər sərtliyini ölçərək qaraciyərin fibroz mərhələsini rəqəmlər şəklində verir. Rəqəmlərdən ibarət cədvəldə biz fibrozun dərəcəsini müəyyən edirik. Bu da həkimlərin, o cümlədən hepatoloqların, qastroenteroloqların təyin etdikləri müalicədə çox əhəmiyyətlidir. Çünki müalicələrin gedişində bu rəqəm artırsa, deməli xəstənin vəziyyətində ağırlaşmalar var, əgər normal – yəni dəyişməyibsə və ya azalırsa, demək xəstədə sağalma prosesi gedir.

Qaraciyərin vəziyyətini ən doğru dəyərləndirən qaraciyər biopsiyasıdır. Fibroskanın biopsiyadan üstünlüyü ağrısız və maddi cəhətdən daha uyğun olmasıdır. Ultrasəs dalğaları zərərsiz olduğu üçün təkrar müayinələrdən də istifadə olunur və bunun xəstəyə heç bir zərəri yoxdur. Ultrasəs dalğaları ziyansəz olduğu üçün elastometriya müayinəsindən təkrar-təkrar istifadə etmək olar. Fibroskanla sirroz riski daşıyan xəstələrdə fibrozu erkən aşkar etməklə qarşısını almaq mümkündür.

- Doktor, bəs Fibroskan aparatında elastometriya müayinəsindən istifadəyə əks göstərişlər hansılardır?

- Hamilə qadınlarda bu müayinələrə icazə verilmir, öd daşı olan xəstələrdə qadağandır, qaraciyər törəmələri və nəzərəçarpan assit yəni qarın boşluğunda piylənmə zamanı elastometriya müayinəsi aparılmır.

- Doktor, elastometriya müayinəsinə hazırlıq necə aparılır?

- Elastometriya müayinəsi çox qısa müddətdə ərzində aparılır. Pasiyent 10-15 dəqiqə müddətində heç bir ağrı olmadan, zədəsiz müayinədən keçir. Müayinəyə ac olaraq gəlmək məsləhət görülür.

- Maraqlı məlumat üçün sizə təşəkkür edirik.