Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. SİA xəbər verir ki, ARDNF-nin Müşahidə Şurasının qərarı ilə Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.
İclasda, həmçinin ARDNF-nin 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-nin 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb. Müşahidə Şurası tərəfindən ARDNF-nin 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi, habelə ARDNF-nin 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 milyon manat və yaxud 115 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 milyon manat və ya 99,8 faiz səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-nin 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınıb.
Müşahidə Şurası tərəfindən eyni zamanda, ARDNF-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-nin maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edildi və bu dəyişikliklərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tövsiyə edilib.