Təhsil naziri: “Müəllimlərin dərs yükünə və əmək haqqına heç bir xələl gəlməyəcək”
11 Fevral 2011 02:21 (UTC+04:00)
"Müəllimlərin dərs yükünə və əmək haqqına heç bir xələl gəlməyəcək. Qanunda da təsbit olunub ki, bir müəllim 24 saatdan artıq dərs deməməlidir. Mən də bu fikirlə razıyam". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, amma bu o demək deyil ki, bu gün və yaxud sabah 24 saatdan artıq dərs deyən müəllimin əmək haqqını kəsəcəyik. Nazirin sözlərinə görə, 24 saatdan artıq dərs deyəcək müəllimlər artıq olan saatın da əmək haqqını alacaqlar: "Müəllimlər bundan ötrü narahatlıq keçirməməlidir. Bununla bağlı hökumətin qərarı var və bu qərarı da əmrlə təsdiqləmişik".
M.Mərdanov ali məktəblərin qış imtahan sessiyasına da münasibət bildirib. O vurğulayıb ki, bu il qış imtahan sessiyasının nəticələri uğurludur. Nazirin sözlərinə görə, ötən illərlə müqayisə etdikdə ali məktəblərin əksəriyyətində qış imtahanları elektron vasitələrdən istifadə edilərək keçirilib.
"Əlbəttə müəyyən nöqsanlar, "Qaynar xətt" xidmətinə müəyyən ərizə və şikayətlər daxil olub. Bunların hər birini zamanında araşdırmışıq və zamanla suallara cavab verərək onları həll etməyə çalışmışıq. Beləliklə, zaman keçdikcə təhsildə şəffaflıq daha da artacaq. Bəzən tələbələr müraciət edir ki, bəzi yerlərdə verilən suallar proqramda olmayıb, bəzi yerlərdə müəllimlər obyektiv olmayıb və s. şikayətlər olub. Ancaq ümumilikdə ötən illərlə müqayisədə builki qış imtahan sessiyası uğurla başa çatıb", - deyə o əlavə edib.
Nazir qeyd edib ki, fevralın 15-də nazirlikdə geniş kollegiya iclası keçiriləcək: "Yalnız bu gün deyil, il ərzində əvvəlcədən təsdiq etdiyimiz planlara əsasən ildə bir neçə dəfə dövlətin müvafiq orqanlarına korrupsiya qarşı mübarizə ilə bağlı hesabat veririk. Növbəti kollegiya iclasında da bu işi başa çatdıracağıq ki, nə olub, nələr baş verib, bunların qarşısının alınması istiqamətində hansı addımlar atılıb və 2011-ci ildə hansı addımlar atılacaq? Bu bir günün məsələsi deyil. Bu işi birlikdə aparmalıyıq".