Qaçqın və məcburi köçkünlər dövlətə arxalanırlar

3 İyul 2019 17:21 (UTC+04:00)

İlham Əliyev: "O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir"

Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini xeyli yüksəltmişdir. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilmiş, qəsəbələr salınmış, yeni iş yerləri yaradılmış və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvarda məskunlaşmış məcburi köçkünlərlə keçirməsi, növbəti seçkilərdə ən layiqli namizəd İlham Əliyevin də eyni addımı atması təsadüfi deyildi. Bu görüşlər respublika əhalisinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğının təzahürü idi. Həmin vaxt prezidentliyə namizəd İlham Əliyev vəd etmişdi ki, əgər o, prezident seçilərsə, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Prezident seçkilərindən sonra xalqımız verilən vədin layiqincə yerinə yetirilməsinin şahidi oldu. Faktlar və real nəticələr də bunu təsdiqləyir.

Əməli işlər, real nəticələr...

Son 16 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Həmin müddətdə qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 51 Fərman və Sərəncam imzalanıb, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı", həmin Proqrama 2 Əlavə təsdiq edilib. Faktlara müraciət edək:
-Azərbaycan Respublikasının Prezidenti tərəfindən ötən dövrdə qaçqın və məcburi köçkün problemi ilə bağlı 1 beynəlxalq konfrans, 2 müşavirə, xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə 800-dən çox, həmçinin, qaçqın və məcburi köçkünlərlə 30 görüş keçirilib. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,5 dəfə artırılıb. 16 min ailəyə sosial yardım verilib. Məcburi köçkünlərə kommunal xidmətlərə görə sərf olunmuş vəsaitin məbləği 4,5 dəfə çoxalıb. 64,4 min məcburi köçkün ailəsinin hər biri qış mövsümündə ayda 40 litr ağ neftlə təmin olunur. Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin edilməyən 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqı ödənilir. Son 16 ildə dövlət ali məktəblərində ödənişli əsalarla təhsil alan 8 min 700 məcburi köçkün tələbənin təhsil xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilmişdir.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,8 milyard manat vəsait sərf edilib. Həmin vəsaitin 1,7 milyard manatı dövlət büdcəsinin, 1,4 milyard manatı Dövlət Neft Fondunun, 378 milyon manatı isə, digər təşkilatların payına düşür. Hazırda bir nəfər məcburi köçkünə il ərzində xərclənən vəsaitin məbləği 1100 manat təşkil edir ki, bu da, dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü ildəkinə nisbətən, 9 dəfə çoxdur. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalıb. Bundan başqa, 30 şəhər və rayonun ərazisində bütün sosial-texniki infrastruktura malik, ümumi sahəsi 1,5 milyon kvadratmetr olan 57 müasir qəsəbə və yaşayış kompleksi yaradılıb. Bu yaşayış məntəqələrinin hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Həmin yaşayış komplekslərinə çadır düşərgələrində, yük vaqonlarında, fin tipli qəsəbələrdə, məktəblərdə yataqxanalarda tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış 23,5 min ailə və ya 110 min nəfər məcburi köçkün köçürülüb. Son 16 ildə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Neft Fondundan və digər mənbələrdən 1 milyard 546,9 milyon manat vəsait sərf olunub.
Bax, budur dövlətin, Prezidentin, Xalq-Prezident birliynin uğurlu nəticəsi!
Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.

Sosial problemlərin həlli Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir

Ümumiyyətlə, son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da, bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu.
Mehriban xanım Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin, Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdı.
2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində, qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Evlərlə və mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı, artıq 300 minə çatır. Bu da 55 min ailə deməkdir.

Yoxsulluq 75 faizdən 12 faizədək azalıb

Bütün bu reallıqlar, bir daha onu göstərir ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Özü də, bu, heç bir beynəlxalq Konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi və sosial-iqtisadi potensialının göstəricisidir.
Görülən fəaliyyətin nəticəsi olaraq, son 16 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb.

Yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil

Əlbəttə, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını və tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduqdan sonra da, bu insanlar hər zamankı kimi, dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı və yüksək şəraiti olan evlərin inşa olunacağını da yaxşı bilirlər.
Goranboy rayonuna səfəri çərçivəsində, 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirakı zamanı Prezident İlham Əliyev bildirmişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Beləliklə, Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyən və Onun ətrafında sıx birləşən qaçqın və məcburi köçkünlər, yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər. Çünki dövlətin, Onun rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrini aydın görür və yurd nisginliyinə tezliklə son qoyulacağına inanırlar.

RƏFİQƏ KAMALQIZI