"Ermənistana miqrasiya olunan erməniləri Dağlıq Qarabağda yerləşdirmək heç bir qanuna uyğun deyil"- Açıqlama

10 Fevral 2011 22:18 (UTC+04:00)
"Ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindəki fəaliyyətləri qanunsuzdur". Bu sözləri tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı SİA-ya açıqlamasında deyib. O bildirib ki, xüsusilə də düşmən ölkənin digər ölkələrdən könüllü şəkildə miqrasiya olunan ermənilərin məhz Dağlıq Qarabağ ərazisində yerləşdirmək niyyəti heç bir qanuna uyğun deyil.
Onun sözlərinə görə, Ermənistanın bu niyyətinin əsas məqsədi demoqrafik şəraiti dəyişməkdir. Millət vəkili vurğulayıb ki, əslində Ermənistan bununla regiondakı vəziyyəti gərginləşdirmək istəyir.

Daha sonra bəzi müxalif qüvvələrin Yaxın Şərqdə baş verən hadisələrin ölkəmizdə də baş verəcəyi iddiaları ilə bağlı səsləndirdikləri fikirlərə də münasibət bildirən M. Qasımlı bildirib ki, Yaxın Şərqdə xüsusilə də Misir və Tunisdə baş verən hadisələrin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, həmin hadisələri Azərbaycanla müqayisə etmək səhvdir.

"Azərbaycanda sözügedən ölkələrdə baş verən hadisələrin təkrarlanması şansı sıfırdanda aşağıdır. Bu fikirləri ortaya atan bəzi qüvvələr özlərini gündəmdə saxlamaq, dağılmış sosial bazanı birtəhər mühafizə etmək istəyirlər. Hər bir hadisə və proses daxili amillərin nəticəsində baş verir. Tunisdə və Misirdə baş verən hadisələrin ölkəmizdə təkrarlanması üçün daxildə heç bir şərait yoxdur. Azərbaycanda inqilab üçün amillər mövcud deyildir", millət vəkili deyib.