Rəqsanə: “Kim mənə inanmır, başına gəlsin”
10 Fevral 2011 21:37 (UTC+04:00)
Dünən xəbər portallarının birində müğənni Rəqsanənin xərçəng xəstəliyinə tutulması barədə müsahibə təqdim olunub. Lakin bəzi mətbuat orqanları müğənninin xərçəngə tutulmadığı, şəxsi həyatında problemlər yaşadığını iddia edirlər.
SİA-nın məlumatına görə, Lent.az saytında çıxan xəbərdə bildirilir ki, hansısa bir mənbə məlumatı təkzib edib. Şayiələrə görə, müğənni Rəqsanənin səhhətində deyil, şəxsi həyatında problemlər var. Mənbə bildirir ki, sənətçi, həyatında olan yaxın bir şəxslə münasibətləri korlandığı üçün stress keçirib və xaricə getməyi qərara alıb.
Lakin Türkiyədə olan Rəqsanə bu cür şayiələrin əsassız olduğunu bildirib: "Mənim indi belə məsələlərə baş qoşacaq halım yoxdur. Çox xahiş edirəm, mənim dərdim özümə bəsdir. Sevgilisindən ayrılan insan heç bu günə düşərmi? Allahdan qorxmurlar? Bu cür reklam mənə nə gətirə bilər axı. Belə sözləri eşidib daha çox əsəbləşirəm. Kim ki, mənə inanmır, başına gəlsin, bilsin".
Sonda Rəqsanə əlavə edib ki, onun Milli.az xəbər portalında çıxan müsahibəsi tam həqiqətə uyğundur: "Verdiyim müsahibədə yalnız doğru sözlər dərc olunub. Digər orqanlar bunu təkzib etməklə məşğuldurlar. Amma mən həqiqətən əməliyyat olunmaq üçün Türkiyəyə üz tutmuşam".
Müğənni, həmçinin Türkiyəyə getdiyinə görə peşman olduğunu da dilə gətirdi: "Bura gəldiyimə peşmanam. Deyirlər İran daha yaxşıdır. Bəlkə əməliyyatı burada yox, digər ölkədə keçirdim".