Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb. DAK-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, DAK həmsədrlərinin MDB dövlətləri üzrə müavini Abuzər Bağırov, DAK-ın Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli, DAK İdarə Heyətinin üzvləri Vaqif Arzumanlı, Adil Minbaşı, Baba Tağıyev, DAK həmsədrlərinin humanitar və mədəniyyət işləri üzrə müavini Xəzər Emin, DAK Mətbuat Xidmətinin rəhbəri Real Cəfərli və Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Görüşdə DAK-ın dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçirilən sonuncu qurultayı, DAK həmsədri Sabir Rüstəmxanlının BMT-nin Cenevrə ofisində və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətində (BQXC) görüşləri, DAK-ın 21-26 fevral tarixlərində Türkiyə Cümhuriyyətində planlaşdırdığı "Xocalı həftəsi" və s. haqqında məlumat verilib.
Eyni zamanda DAK-ın gələcək fəaliyyəti, Azərbaycan diasporunun qarşısında duran vəzifələr, bu il keçirilməsi planlaşdırılan Dünya Azərbaycanlılarının III Qurultayı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün türk diaspor təşkilatlarının birgə fəaliyyətinin zəruriliyi barədə müzakirələr aparılıb.
Görüşdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Biz 50 milyonluq xalqıq" ifadəsi bir daha vurğulanıb və qarşılıqlı əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi olub.