Astarada Təhsil Nazirliyi və Avropa İttifaqının birgə seminarı keçirilib

10 Fevral 2011 20:28 (UTC+04:00)

Respublika Təhsil Nazirliyi və Avropa İttifaqının birgə layihəsi çərçivəsində Astara rayonunda seminar keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, layihədə ölkə üzrə 20 məktəb iştirak edir. Astara rayonundakı Maşxan kənd orta məktəbi də həmin təhsil ocaqları sırasındadır.

Seminarın təlimçisi Rövşən Bağırov bildirib ki, layihənin keçirilməsində məqsəd Qafqaz respublikalarında milli azlıqların mövcud olduğu ərazilərdə, kənd yerlərində yaşayan müəllimlərin və şagirdlərin demokratiya ilə bağlı maarifləndirilməsidir.

Layihə şagirdlərə demokratiyanın nə olduğunu simulyasiya oyunları vasitəsi ilə anlamaq imkanı yaradır. Dörd gün davam edən seminarın sonuncu günü məktəblilərin qonağı olan jurnalistlər onları maraqlandıran sualları cavablandırıblar.

Məlumat üçün bildirək ki, layihənin əhatə etdiyi hər məktəbdən 1 şagird seçilərək həmin məktəbin təlimçisi olacaq. Layihə çərçivəsində Bakının 7 məktəbində, həmçinin Astara, Qusar, Şirvan, Göyçay və Gəncə şəhərinin orta məktəblərinin 10-cu sinif şagirdləri üçün 4 günlük simulyasiya oyunları keçirilib.

Qeyd edək ki, layihə 3 il müddətinə nəzərdə tutulub. Bu müddət ərzində şagirdlər müxtəlif ölkələrdə keçirilən seminarlarda iştirak edəcək, onlara müvafiq sertifikatlar veriləcək.