Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanan idmançılarımız pul mükafatı alacaqlar.
SİA xəbər verir ki, “Minsk-2019”un startından öncə açıqlama verən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yeni qərar qəbul olunmasa, məbləğin “Bakı 2015” I Avropa Oyunlarındakı mükafatla eyni olacağını bildirib.
Bu isə o deməkdir ki, I yeri tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı veriləcək.
İdmançılarımızın “Minsk-2019”da 5 qızıl medal qazandığını nəzərə alsaq, deməli, birinci olanlara ümumilikdə dövlət tərəfindən 1 milyon 125 min manat pul ayrılacaq.
1 milyon 200 min manat isə 10 gümüş medal qazanan idmançılar arasında bölüşdürüləcək.
Bürünc mükafatçılara üçün isə 975 min manat ayrılacaq. Bu məbləğdən 13 bürünc medal qazanan idmançılara pay düşəcək.
Bu isə o deməkdir ki, ümumilikdə 28 medala görə 3,3 milyon manat mükafat veriləcək.