Fevralın 1-2-də ABŞ-ın Texas ştatının Hyuston şəhərində IADC-nin (Beynəlxalq Qazma Podratçıları Assosiasiyası) növbəti konfransı keçirilib. ARDNŞ-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iki gün davam edən konfransda 15 ölkədən 445 mütəxəssis iştirak edib. Konfransda ARDNŞ-ni SOCAR-Abşeron Qazma Şirkətinin (SOCAR-AQŞ) mütəxəssisləri təmsil ediblər.
Konfransda qazma sənayesi müəssisələrində qəzaların qarşısının alınması, ətraf mühitin mühafizəsi, qazma müəssisələrində çalışan əməkçilərin səriştəlilik və təlim məsələləri müzakirə olunub. Konfrans çərçivəsində həmçinin 40-a yaxın müəssisə tərəfindən müxtəlif xidmət və məhsulların təklif olunduğu sərgi keçirilib. ARDNŞ-nin təmsilçiləri sərgidə iştirak edən qabaqcıl şirkət nümayəndələri ilə işgüzar münasibətlər yaradıb, gələcək əməkdaşlığın əsasını qoyublar.
Qeyd edək ki, SOCAR-AQŞ 2009-cu ilin iyunundan IADC təşkilatının üzvüdür. Hazırda təşkilatla əməkdaşlıq müxtəlif səviyyələrdə davam etdirilir və müəssisə əməkdaşlarının beynəlxalq təcrübəni öyrənmək və tətbiq etməsi üçün geniş imkan yaradır.