"G20 sammitində bir sıra diqqəti cəlb edən məqamlar var idi” ÖZƏL-ŞƏRH

28 İyun 2019 15:09 (UTC+04:00)

“Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti olduqca əhəmiyyətli idi. Çünki bu sammit çərçivəsində dünya liderlərinin bir-biri ilə görüşü və bir sıra diqqəti cəlb edən məqamlar var idi”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Çin Kommunist Partiyasının sədri ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş oldu və onlar ikitərəfli ticarətdə yuan və rubla keçid haqqında qərara gəldilər. Öz növbəsində Fransa prezidenti Emmanuel Makron Amerikada İrana qarşı gələcək mübarizədə NATO-dan istifadənin yolverilməz olduğunu bildirərək bir daha xarici siyasətdə, geosiyasi məsələlərdə Trampla ciddi fikir ayrılıqlarının olduğunu sübut etmiş oldu. Bundan başqa təbii ki, G20 sammitinin ən əhəmiyyətli görüşlərindən biri Trampla Putin arasındakı görüş idi. Onlar arasında son görüş Finlandiyanın paytaxtı Helsinkidə keçirilmişdi və uzun müddət idi ki, bir-biri ilə görüş keçirmək istəsələr də Amerika daxilindəki səbəblərdən Tramp Putinlə görüşə bilmirdi. Amma bəlli məsələdir ki, ABŞ və Rusiya liderləri arasında qarşılıqlı anlaşma və bir-birini başadüşmə məqamlar daha çoxdur nəinki ixtilaflar. Sadəcə olaraq son zamanlar Amerika dövlətinin ayrı-ayrı qurumları tərəfindən aparılan siyasət və Rusiya ilə soyuqlaşma müharibəsinə gətirən nəticə Putinlə Tramp arasında bir qədər onları “düşmənə” çevirmişdi. Lakin bugünkü görüş də sübut etdi ki, onlar arasında ziddiyyətlər olsa da ümumi dil tapmağı bacaracaqlar.

G20 sammiti çərçivəsində əsas Suriya, İran, Venesuela kimi məsələlərə diqqət ayrılıb. Bununla belə sammitdə Ukrayna məsələsinə də toxunulub. Çox güman ki, Suriya artıq həll edilən bir məsələdir. Suriyada Bəşər Əsəd hakimiyyətdə qalacaq və bunun müqabilində İsraillə 200 kilometr yaxınlığında İran döyüşçüləri və İrana yaxın olan qruplaşmalar oradan uzaqlaşdırılacaqdır. Ukrayna məsələsinə gəlincə, ABŞ artıq Krım və Donbas məsələsində əvvəlki kimi qərarlı olmayacaq. Ukrayna məsələsi Rusiya və ABŞ arasında ikinci dərəcəli mövzu kimi qələmə alınacaqdır".