"Aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik" ÖZƏL-MÜNASİBƏT

27 İyun 2019 10:06 (UTC+04:00)

"Minimum əmək haqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

İqtisadçının sözlərinə görə, sosial paketinin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqqları ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var: "Belə ki, minimum əmək haqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslər minimum əmək haqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədə uyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu haqda əmək haqq artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq".