Azərbaycan atletləri mübarizəyə qoşulurlar

26 İyun 2019 12:10 (UTC+04:00)

İyunun 26-da - "Minsk 2019"un altıncı günündə Azərbaycan atletləri idmanın 8 növü üzrə - güləş, boks, badminton, atıcılıq, və stend atıcılığı yarışlarında mübarizə aparacaqlar. SİA-nın məlumatına görə, "Minsk 2019"da güləş yarışlarının ikinci günündə Mahir Əmiraslanov (57 kq) finalda serbiyalı Stevan Misiç ilə qaşrılaşacaq. Hacımurad Qadcıyev (74 kq), Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Maqomedov (125 kq) təsəlliverici görüşlərdə iştirak edəcəklər. Bundan başqa, iki kişi və bir qadın güləşçimiz də bu gün mübarizəyə qoşulacaq.

Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) səkkizdəbir finalda Ermənistan təmsilçisi Volodya Franqulyan ilə görüşəcək. Nurmaqomed Qadcıyev (97 kq) Polşa təmsilçisi Radoslav Baran ilə üz-üzə gələcək. Qadın güləşçilərimizdən İrina Netreba (68 kq) isə səkkizdəbir finalda isveçli Cenni Fransson ilə qarşılaşacaq. Gün ərzində üç boksçumuz yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. Cavid Çələbiyev (60 kq) Gürcüstan təmsilçisi Otar Eranosyan, Lorenso Sotomayor (69 kq) Kosovo idmançısı Patrion Behrami, Loren Alfonso Domingez (81 kq) Belçika boksçusu Ziyad El Mohor ilə görüşəcəklər.

İkinci Avropa Oyunlarının badminton yarışlarında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni iyunun 26-da G qrupunda sonuncu oyununu keçirəcək. İlk iki oyunda qələbə qazanaraq qrupa liderlik edən təmsilçimiz onunla eyni nəticəni göstərən Rusiya badmintonçusu Vladimir Malkov ilə üz-üzə gələcək. Yarışın reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçular səkkizdəbir finala vəsiqə qazanacaqlar. İdmançımız artıq səkkizdəbir finala vəsiqəni təmin edib. Nigar Nəsirova 25 metr məsafəyə atəşaçma üzrə təsnifat yarışının ikinci mərhələsində mübarizəni davam etdirəcək.

İdmançımız birinci mərhələdə 273 xal toplayaraq sonuncu – 35-ci pillədə qərarlaşıb. Kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəşaçma yarışında birinci mərhələdə 284 xal toplayarq 19-cu olan Ruslan Lunyov da bu gün ikinci mərhələdə çıxış edəcək. Stend atıcılığı üzrə kişilərin yarışında təsnifat mərhələsində ölkəmizi Emin Cəfərov mübarizə aparacaq. "Minsk 2019"a iyunun 30-da yekun vurulacaq.

Hazırda Azərbaycan millisinin aktivində 4 gümüş və 7 bürünc medal var.