“Səs” qəzetinin redaksiyasında Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - TƏDBİR

10 Fevral 2011 01:34 (UTC+04:00)
Bu gün "Səs" qəzetinin redaksiyasında Xocalı soyqırımının ildönümünə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov, millət vəkili Jalə Əliyeva, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, ADPU-nun dosenti Nazi Əsədov, "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyinin sədri Nəzakət Həsənova və "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "Xocalı soyqırımının 19-cu ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib: "Bu sərəncam əsasında ölkəmizin hər yerində, o cümlədən, idarə, müəssisə və təşkilatlarda müxtəlif tədbirlər keçirilir. "Səs" qəzeti sərəncamdan irəli gələn tədbirləri həyata keçirməyi özünə mənəvi borc hesab edir. Hesab edirik ki, bu cür tədbirlərin təşkilatçısı olmaqla erməni vəhşiliyinin bəşəriyyətə və insanlığa qarşı yönəldiyini bir daha cəmiyyətə, dünya xalqlarına çatdırmalıyıq".

Baş redaktor daha sonra tədbir iştirakçılarına Xocalı soyqımının tarixi haqqında qısa məlumat verib: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub".

ADPU-nun dosenti Nazi Əsədov isə çıxışında bildirib ki, XX əsrin ən böyük faciələrindən biri olan Xocalı faciəsi təsadüfən baş vermiş bir hadisə olmayıb. Onun sözlərinə görə, bu faciə XX əsrin sonunda ermənilərin Azərbaycan ərazilərinə qarşı sırf ərazi iddialarının irəli sürülməsinin nəticəsi kimi, eyni zamanda, öz arzularına çatmaq üçün Dağlıq Qarabağda hərbi vasitələrə əl atması nəticəsində baş verib: "Qeyd edim ki, Azərbaycanın dilbər guşələrindən biri olan və artıq o zaman şəhər statusu almış Xocalı alınmaz bir qalaya çevrilmişdi. Çünki Xocalı əhalisi öz dədə-baba torpaqlarını çox mərd və cəsurcasına müdafiə ediblər. Dağlıq Qarabağ ətrafında gedən müharibənin getdikcə əhatə dairəsi daralırdı. Davamlı şəkildə Xocalıdan və ətraf rayonlardan mərkəzə, o zamankı hakimiyyətə məlumatlar verilirdi ki, vəziyyət getdikcə pisləşir. O zamankı mərkəzi hakimiyyət isə bu məsələlərdə tamam fərqli mövqe tuturdu. Eyni zamanda, onlar Xocalı əhalisinə heç bir ciddi yardım göstərmək niyyətində deyildi. Məhz bütün bunların nəticəsi olaraq 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə rusların Xankəndində olan 366-cı motoatıcı alayının bütün hərbi imkanlarından istifadə etməklə Xocalı üzərinə hücum edilib. Əslində erməni qəsbkarları təkcə Xocalıda deyil, onun əvvəlki tarixlərində də Azərbaycan ərazisində törətmiş olduğu terror hadisələrində xalqımıza qarşı amansız olduqlarını nümayiş etdiriblər. Bu gün də erməni terror təşkilatı olan ASALA təkcə azərbaycanlılara, türklərə qarşı deyil, eyni zamanda, başqa xalqlara qarşı da terrorçuluq əməllərini yerinə yetirirlər".

Millət vəkili Eldar İbrahimov isə çıxışında vurğulayıb ki, Milli Məclis hər ilin 26 fevralında Xocalı faciəsi ilə əlaqədar olaraq bəyanat qəbul edir. Onun fikrincə, bu bəyanat bütün beynəlxalq təşkilatlara, dünya parlamentlərnə göndərilir: "Bundan başqa, parlamentin beynəlxalq təşkilatlarla, Avropa Şurası, ATƏT, Avropa Birliyi və digər nüfuzlu təşkilatlara bu məsələnin əsl mahiyyətinin çatdırılması üçün gördüyü işlər, vermiş olduğu qərarlar göz önündədir. Eyni zamanda, parlament üzvləri də təmsil olunduqları bütün beynəlxalq təşkilatlarda Xocalı soyqırımı ilə bağlı əsil faktların dünya ictimaiyyətinə çatdırılmasında əlindən gələni əsirgəmir.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirib. Xocalı soyqırımının dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ardıcıl və səmərəli fəaliyyətini də xüsusi qeyd etməliyik. 2008-ci ildən Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində bu faciəyə hüquqi-siyasi və mənəvi qiymət verilməsi üçün İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində müxtəlif tədbirlər keçirilir. Ancaq təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnən Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə qeyd edib ki, dünyanın informasiya dünyası olduğunu bilərək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində ilkin vəzifə milli mətbuatımızın üzərinə düşür. Onun sözlərinə görə, bunun üçün də hadisənin baş verdiyi, niyə baş verdiyi və niyə məhz bu şəkildə baş verdiyi Azərbaycan mətbuatı, sosioloqlar tərəfindən ciddi təhlil edilməlidir: "Çünki biz nəzərdən qaçırmamalıyıq ki, Xocalı təkcə soyqırımı deyil, bu ilk növbədə, Azərbaycan xalqının mənəvi müqavimətinin qırılması üçün düşünülmüş, sistemili, hərbi psixoloji bir aksiya idi. Xalqımıza qarşı erməni soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması üçün harada yaşamasından və məşğuliyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı əlindən gələni etməlidir. Soyqırımının tanıdılması - siyasi olmaqla yanaşı, həm də hüquqi bir məsələdir.
Son 19 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytı yaradılıb. Ancaq təəssüflər olsun ki, soyqırımı müxtəlif ölkələrdə təbliğ olunsa da, buna hələ də dünya birliyi səviyyəsində lazımi hüquqi qiymət verilməyib. İnanırıq ki, möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasət nəticədə ərazi bütövlüyümüzün təmin edilməsinə zəmin yaradacaq".

Sonra isə çıxış edən millət vəkili Jalə Əliyeva bu faciəni Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri hesab edib. O bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin, davamlı olaraq, etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş verən bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Artıq 19 ildir ki, biz Xocalı soyqırımı haqqında müxtəlif auditoriyalarda və müxtəlif səviyyələrdə danışırıq. Lakin biz ermənilər tərəfindən tarixin müxtəlif dövrlərində, o cümlədən, 20-ci əsrin sonunda Azərbaycan xalqının başına gətirilən müsibətləri dünyanın idarə olunmasında əsas rol oynayan böyük dövlətlər, onların insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların lazımınca anladılmasına çalışmalıyıq. Çünki Qərb dövlətlərinin bəzi məsələlərə baxışı tamamilə fərqlidir. Milli faciələrimizin başında milli təşəbbüskeşliyinin dayandığını bildirib. Artıq illərdən bəri uduzduğumuz informasiya müharibəsində konkret addımlar atılmalıdır".

SİA-nın icraçı direktoru Vəli Vəliyev isə çıxışında mətbuatda Azərbaycan faciələrinin təbliği istiqmaətində görülən işlərdən danışıb: "Bu gün Ermənistan Qarabağ və işğal olunmuş ərazilərimizin adı ilə bağlı onlarla sayt qeydiyyatdan keçiriblər. Məhz həmin saytlar vasitəsi ilə internet istifadəçiləri arasında guya işğal etdikləri ərazilərin Ermənistana məxsus olduğunu təbliğ edirlər. Sonuncu misal kimi, bu yaxınlarda İran İslam Respublikasında fars dilində internet məkanına yeni saytın gətirilməsi və istifadəçilərin ixtiyarına verilməsi bizim üçün ciddi siqnal olmalıdır. Biz isə bu sahədə çox geri qalırıq. Düşünürəm ki, işğal altında olan torpaqlarımız qayıtmayınca bir an belə sakit durmamalı, ermənilərin təbliğat maşınını sındırmaq üçün var gücümüzü sərf etməliyik".

Tədbirin davamında dəyirmi masa iştirakçıları Xocalı faciəsi ilə bağlı öz fikirlərini və təəssüratlarını bölüşüblər.