Pakistan Prezidenti Azərbaycan səfirini qəbul edib

25 İyun 2019 17:04 (UTC+04:00)

Pakistan Prezidenti Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadəni qəbul edib. SİA-nın verdiyi məlumata görə, qəbula görə təşəkkür edən səfir Əli Əlizadə, Azərbaycan Respublikası Prezidentinin salamlarını və Azərbaycana dəvətini Prezident Dr. Arif Alviyə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə verdiyi xüsusi önəmi vurğulayan səfir, Azərbaycan-Pakistan münasibətlərinin daim dərinləşməsində və inkişafında hər iki ölkənin rəhbərlərinin və xalqlarının sıx əməkdaşlığının, dostluğunun xüsusi töhvəsinin olduğunu qeyd edib. Siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, müdafiə, mədəni, elmi, turizm, birbaşa hava reyslərinin yaradılması, enerji, humanitar və sosial sahələrdə yeni əməkdaşlıq təklifləri və niyyətləri, həyata keçirilmiş layihələr haqqında Pakistan Prezidentinə məlumat verən səfir Əli Əlizadə, Heydər Əliyev Fondunun Pakistanda xüsusi üşaqlar üçün təşkil etdiyi tədbirə və iftar yeməyinə şəxsən qatıldığına görə Prezident Dr.Arif Alviyə Fondun rəhbərliyinin təşəkkürlərini çatdırıb. Səfir Azərbaycanın Pakistanı qardaş ölkə olaraq hər zaman dəstəklədiyini və Pakistan-Azərbaycan əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edərək səmimi görüşə görə təşəkkür edib.

Pakistan Prezidenti Dr. Arif Alvi salamlarının və dəvətə görə minnətdarlığının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etmiş, beynəlxalq və regional məsələlərdə də hər iki qardaş ölkənin bir-birinin yanında olduğunu və Azərbaycanın dəstəyinin daim məmnunluqla qarşılandığını vurğulayıb. Prezident Arif Alvi Kəşmir və Dağlıq Qarabağ məsələlərinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında həllinin zəruriliyi bildirmiş və Pakistanın Azərbaycanla strateji tərəfdaşlığının davam edəcəyini qeyd edib. Azərbaycan birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələrin yüksək qiymətləndirildiyini bildirən Prezident Arif Alvi Ramazan ayında baş tutmuş tədbirin də xüsusi uşaqlara diqqətin cəlb olunmasına, onların qabiliyyətlərinin ictimaiyyətə aşılanmasına xidmət etdiyini və humanist addım olduğunu ifadə edib.

Pakistan Prezidenti Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək bütün sahələrdə əlaqələrin daha da inkişafının, dərinləşməsinin zəruri olduğunu və buna lazımi dəstəyin mütəmadi veriləcəyini bildirib.