"Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"

25 İyun 2019 16:22 (UTC+04:00)

"Azərbaycan əhalisinin, təxminən, 40 faizi Bakı və Abşeron ərazisində yaşayır. Abşeron ərazisində yaşıllıq az olduğu üçün yeni ağacların əkilməsinə ehtiyac var". SİA-nın verdiyi məlumata görə, bu fikri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

Nazir bunun üçün yeni su mənbələri tapılmasını vacib sayır: "Abşeron coğrafi baxımdan səhra və yarımsəhradır. Burada suyun ənənəvi yolları olmadığı üçün su ətrafdan gətirilir. Su məsələsi qarşımızda duran ən vacib məsələlərdən biridir".

Hazırda Azərbaycana hibrid avtomobillərin gətirilməsi təşviq edilir: "Bununla da atmosferə atılan zərərli qazların təsirini azaltmaq istəyirik", – deyə Muxtar Babayev əlavə edib.