Meksikada soyuqdan 23 nəfər dünyasını dəyişib

9 Fevral 2011 20:30 (UTC+04:00)

Son bir həftə ərzində Meksikanın şimalında hava şəraiti kəskin soyuyub. SİA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, ölkənin Çiuaua ştatında temperaturun mənfi 20 dərəcəyə endiyi bildirilir. Şaxtalı hava şəraiti ümumilikdə ölkə ərazisində 23 nəfərin, Aldama şəhərinin heyvanat parkında isə 65 heyvanın ölümünə səbəb olub. Həmçinin, 13 elektrik stansiyası sıradan çıxıb su boruları donub. Nəticədə, əhalinin elektrik enerjisi və içməli su təchizatında fasilələr yaranıb.

 

Mövcud vəziyyətlə əlaqədar ölkənin 59 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bir sıra zavod və müəssisə eləcə də tədris ocaqlarının fəaliyyəti dayandırılıb. Meksika üçün xas olmayan hava şəraitinin səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.