"Azercell" yeni loqosunu təqdim edib

22 İyun 2019 00:47 (UTC+04:00)

İyunun 21-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC yenilənmiş loqosunu təqdim edib.

SİA xəbər verir ki, yeni loqo özündə yeni üslub və yeni istiqamət əks etdirir.

Şirkət, həmçinin yeni şüarını da təqdim edib – “Rəqəmsal dünyanı yarat”.

Yeni loqonun təqdimatı Heydər Əliyev mərkəzində keçirilib. Şirkət tərəfindən keçirilən rebrendinq münasibətilə “Rəqəmsal səma altında” adlı möhtəşəm şou təşkil olunub. Şouda məşhur müğənni və bəstəkar, “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarov da iştirak edib.

Məşhur şoumen Murad Dadaşovun aparıcılığı ilə baş tutan tədbirdə Emin ilə səhnəni Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustavayev, Elnarə Xəlilova, Elşad Xose, DJ Tim və “Nero Dance” rəqs qrupu bölüşüblər.

Qeyd edək ki, Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99.1 faiz (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faiz əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir.