“Ölkəmizdə internet istifadəçilərinin sayı durmadan artır”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, həmçinin, Azərbaycanda istənilən şəxsin sosial şəbəkələrdən istifadəsinə heç bir məhdudiyyət tətbiq edilmir: “Vətəndaşların bütün hüquq və azadlıqları tam şəkildə təmin olunur. Lakin təəssüf ki, bu hüquq və azadlıqlardan dövlətinə, xalqına qarşı istifadə edən qüvvələr də mövcuddur. Özlərini ictimai-siyasi həyatda doğrulda bilməyən bir sıra qüvvələr unudulmamaqı üçün sosial şəbəkələrin yaratdığı imkanlardan öz məqsədləri üçün istifadə edirlər. AXCP, Müsavat kimi partiyaların uzun illər ərzində ölkənin inkişafı naminə hansısa proqram, təşəbbüs irəli sürə bilməmələrinin fonunda son bir ildə ölkə rəhbərliyi tərəfindən bir çox sosial layihələrə imza atıldı. Əvvəlki illərdə əldə olunmuş nailiyyətləri nəzərə almasaq belə, 2019-cu il tarixə inqilabi sosial islahatlar ili kimi düşəcək. Vətəndaşların maddi rifah halının yüksəldilməsi, sosial təminatının gücləndirilməsi istiqamətində imzalanan fərman və sərəncamlar xalq-iqtidar birliyinin təməlini daha da möhkəmləndirib. Cəmiyyətimizdə radikal siyasi kəsimə olan dəstək demək olar ki, sıfıra enib. Bütün bunların fonunda isə, xaricdən aldıqları dəstəyin kəsiləcəyi qorxusuna düşən həmin qüvvələr sosial şəbəkələrə üz tuturlar. Bu birliyi sarsıtmağa, ölkədə hərc-mərclik yaradaraq yenidən pafoslu çıxışlarla gündəmə gəlməyə səy göstərirlər. Bu səbəbdən, sosial şəbəkədən istifadə edən vətəndaşlarımız yayılan informasiyaların dəqiqliyinə, mənbəyinə xüsusi diqqət verməlidir”.
GÜLYANƏ