“Planet Parni iz Baku” KVN teatrı 10 illik yubileyini qeyd edir

9 Fevral 2011 17:40 (UTC+04:00)
Aprel ayının 14, 15 və 16-da "Planet Parni iz Baku" KVN Teatrı Heydər Əliyev Sarayında yubiley konserti ilə çıxış edəcək. Bu barədə SİA-ya teatrın aktyoru, əməkdar artist Elçin İmanov məlumat verib. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də onlar proqramlarına yeni səhnəciklər, parodiyalar daxil edəcəklər.

E. İmanov onu da əlavə edib ki, bu dəfəki konsertdə əfsanəvi "Bakılı oğlanlar" komandasının üzvlərindən bir neçəsi də səhnədə olacaq: "Bizə elə gəlir ki, XX əsrin çempionlarını bir yerdə görmək, yenidən onların çıxışı izləmək tamaşaçılara maraqlı olacaq. Konsertdə kimlər və nələr olacaq bu barədə ətraflı məlumat vermək istəmirik. Amma onu deyə bilərik ki, "Bakılı oğlanlar" KVN komandasının sevilən üzvlərindən bir neçəsi – Emil Abbasov və Yana Nikitina səhnədə olacaq".

Məlumat üçün xatırladaq ki, "Planet Parni iz Baku" KVN Teatrının bu il 10 yaşı tamam olur. Yubiley konsertində teatrın sevilən simaları – Tahir və Cabir İmanovlar, Bəhram Bağırzadə, Elçin Həmidov, Kübra Əliyeva, Azər Məmmədzadə və digərləri çıxış edəcək.