Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı memorandum imzalanıb

9 Fevral 2011 07:16 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana ikigünlük səfəri başa çatıb.

SİA-nın məlumatına görə, aparılan danışıqlar əsasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt (İran)–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun tikintisi ilə bağlı Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılmasına dair Azərbaycan, İran və Rusiya mütəxəssislərinin apardıqları müzakirələr yekunlaşıb.

Fevralın 8-də sözügedən dəmir yolunun layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması və Azərbaycan ilə İran arasında dəmir yolu əlaqələrinin idarə olunmasına və genişləndirilməsinə dair iki Anlaşma Memorandumu imzalanıb. Birinci sənədi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov, "Rusiya Dəmir Yolları" ASC-nin rəisi Vladimir Yakunin, "İran Dəmir Yolları"nın baş direktoru Sahib Məhəmmədi imzalayıblar. Doqquz maddədən ibarət memorandumda dəmir yolunun layihələndirilməsi, tikintisi, istismarı və yeni yaradılacaq MMC-nin idarəolunma mexanizmi əksini tapıb.

İmzalanmış ikinci sənəd isə "Azərbaycan Dəmir Yolları" QSC ilə "İran Dəmir Yolları" arasında əməkdaşlığa dair Anlaşma Memorandumudur. Bu sənəd Azərbaycan ilə İran arasında dəmir yolları üzrə sərhəd-keçid sazişinin hazırlanması, saziş layihəsinin mətninin razılaşdırılması, texniki–iqtisadi məsələlərin həll edilməsi istiqamətində danışıqların aparılması və iki ölkə dəmir yolu mütəxəssislərinin təcrübə keçmələri barədə anlaşmalardan ibarətdir.