“Qara qızıl”ın ağ günləri - ANALİZ

9 Fevral 2011 04:30 (UTC+04:00)

Misirdə davam edən kütləvi iğtişaşlar, eləcə də ABŞ-da neft ehtiyatının artması barədə məlumatlar fonunda ötən günlərdə dünya bazarlarında neft bahalaşıb. London və Nyu-York birjalarında "Azerilight" markalı neftin bir barelinin qiyməti 100 dollara çatıb.

Ekspert: "Qiymətin artması çox siyasi səbəblərlə bağlıdır"

Məlum olduğu kimi, Azərbaycan Parlamenti 2011-ci ilin dövlət büdcəsində neftin qiymətini 60 dollar müəyyənləşdirib. Lakin ilin başlanğıcından bəri "qara qızıl"ın qiyməti 90-100 dollar arasındadır və yaxın aylarda bu civarda olacağı, il ərizində isə 70-80-dən aşağı düşməyəcəyi proqnoz edilir. Bəs, neftin dəyərinin bu səviyyəyə çatması hansı səbəblərlə bağlıdır və bu proses nə vaxta qədər sürə bilər?

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, dünya bazarında neftin bir barelinin 100 dolları ötməsi iqtisadi səbəblərdən daha çox siyasi səbəblərlə bağlıdır. Onun sözlərinə görə, monitorinq və qiymətləndirmələr dünya bazarında neftə olan tələbatın artmasının müşahidə olunmadığını göstərir: "Əksinə, Avropa Birliyi ölkələrində neftə olan tələbatın azalması müşahidə edilir ki, bu da birbaşa qitədə müşahidə edilen iqtisadi böhran ilə bağlıdır. Eyni zamanda, ABŞ ve Çində neftə olan tələbatın artması müşahidə edilməyib. Bu baxımdan, neftin qiymətinin artması üçün iqtisadi zəminlər faktiki olaraq qeydə alınmayıb".

Vəziyyət stabilləşsə belə "qara qızıl"ın qiyməti yalnız 90 dollaradək azala bilər

Ekspert qeyd edir ki, neftin qiymətinin yüksəlməsi daha çox Yaxın Şərqdə müşahidə edilən siyasi gərginliklə bağlıdır. Artıq bir sira şirkətlər Misirdə neft emalını dayandırıblar. Eyni zamanda Misirdə yaşanan gərginliyin, mintqlər dalğasının başqa Ərəb ölkələrinə, xüsusən neft istehsal eden ölkələrə keçməsi istiqamətində psixoloji narahatçılıq yaranıb. Hansı ki, bu da neft bazarında gərginliyin yaranmasına səbəb olub və investorlar neftin qiymətinin kəskin yuksəlməsindən ehtiyatlanırlar".

İqtisadçının fikrincə, neftin qiymətindəki dəyişikliklər birbaşa ərəb ölkələrində siyasi gərginliyin nə zaman başa çatmasından asılı olacaq. Belə ki, əgər "istefa dalgaları" neft istehsal edən ərəb ölkələrini "vurarsa" bu zaman "qara qızıl"ın qiymətində kəskin artımlar olacaq: "Bununla belə neftin qiymətində kəskin artımların olacaği ehtimalları kifayət qədər zəif qiymətləndirilir. Güman edilir ki, "Misir problemi" həll edildikdən sonra neft bazarındakı gərginlik yumşalacaq və bu da "qara qızıl"ın qiymətinin hər barel üçün 90 dollaradək azalmasina gətirib çıxaracaq". Proseslərin gedişindən göründüyü kimi, hələ bir müddət dünya bazarındakı gərginlik qalacaq və neftin qiyməti də psixoloji həddin üzərində qərarlaşacaq. Bu da Azərbaycanın neft gəlirlərindən az qala ikiqat çox vəsait əldə etməsini şərtləndirəcək. Bu arada Azərbaycanda neft istehsalı və ixracı da artmaqdadır. 2010-cu ilin dekabr ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri vasitəsilə 2,8 milyon ton Azərbaycan nefti nəql olunub. ARDNŞ-in rəsmi saytının verdiyi məlumata görə. ötən il bu kəmərlə 37 milyon ton neft ötürülüb.

2020-cu ilə kimi müqavilə sahəsində hasilat 40 mln tondan aşağı düşməyəcək

Azərbaycanın xarici şirkətlərlə 1994-cü ildə imzaladığı ilk neft müqaviləsi- "Azəri-Çıraq-Günəşli" dəniz yataqlarından 200 milyonuncu ton neft ötən ay dünya bazarlarına yola salınıb. Ölkəmizin "Əsrin Kontraktı"ndan nə qədər böyük gəlir əldə etdiyi ortadadır. Bu isə neft siyasətinin doğru və düşünülmüş formada həyatat keçirildiyini göstərir. Ümumiyyətlə, "Əsrin müqaviləsi" adlandırılan bu layihə çərçivəsində ilk neft 7 noyabr 1997-ci ildə hasil edilməyə başlayıb. Hazırda ixrac əməliyyatları 3 marşrut üzrə həyata keçirilir ki, bunların 2-si boru kəmərləri (Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa) vasitəsilə, 1-i isə dəmiryoldur.

Bakı-Batumi, bu yoldan ancaq Amerikanın "ExxonMobil" şirkəti istifadə edir, ona görə ki, vaxtilə dünyanın neft nəhənginin strateqləri ciddi səhv buraxaraq Ceyhan istiqamətindəki boru xəttini maliyyələşdirməkdən imtina etdilər və hazırda boru xətti ilə daşıma xərcləri onlar üçün daha baha olduğundan dəmiryoldan istifadəyə məcburdurlar. AÇG səhmdarları ixracatda Bakı-Novorossiysk boru xəttindən 2009-cu ilin əvvəlindən imtina ediblər və hazırda bu boru xətti SOCAR-ın balansındadır. 2009-cu ilin nəticələrinə əsasən, AÇG yataqlarından 40 milyondan artıq neft hasil edildi, ötən il isə bu rəqəm 43 milyona çatdı. Yaxın 5 ildə hasilatın 45-46 milyon ton ətrafında stabilləşməsi planlaşdırılır. Ekspertlərin fikrincə, 2020-cu ilə kimi müqavilə sahəsində hasilat 40 milyon tondan aşağı düşməyəcək.

Azərbaycanın müqavilələrdən əldə edilən mənfəət payında gəlirləri getdikcə artır

BP-nin hesablamalarına görə, müqavilə müddətinin tam başa çatdığı dövrə qədər (12 dekabr 2029-cu il, müqavilə 30 ilə bağlanıb və 5 il də artırıla bilər) AÇG-dən 5.4 milyard barel (730 milyon ton) neft hasil etmək mümkündür. SOCAR geoloqlarının hesablamalarına görə isə, AÇG-dən çıxarıla biləcək neft ehtiyatlarının həcmi 6.8 milyard bareldir (923 milyon ton). Yəni yerli mütəxəssislər hesab edir ki, buradan daha 10 il müddətində təqribən əlavə 1.4 milyard "qara qızıl" hasil etmək olar.

Qeyd edək ki, 2008-ci ilin 1 iyulundan AÇG çərçivəsində mənfəət neftinin (xərclər çıxılandan sonra şirkətlərlə Azərbaycan hökuməti arasında bölüşdürülən pay) bölgüsü aşağıdakı nisbətdə bölünür: 20% - şirkətlər, 80% - Azərbaycan. Məsələn, cari ildə 300 milyon barel neft hasilatı gözlənilir. Neftin orta satış qiyməti $75 olarsa, demək ümumi gəlir $22.5 milyard edər.

Bundan əlavə, xarici şirkətlər layihə çərçivəsində qazanclarının 25%-dən mənfəət vergisi ödəyirlər ki, bu da Azərbaycan tərəfi üçün əlavə olaraq daha $1 milyard 16 milyon gəlir deməkdir. Büdcə zərfində nəzərdə tutulan qiymət fərqindən isə əlavə bir neçə milyard qazanma ehtimalımız yüksəkdir.

Göründüyü kimi, neftin qiymətinin və istehsalının artması Azərbaycanın gəlirlərinin və dolayısı ilə əhalinin yaşam səviyyəsiin artmasına səbəb olur. Nəticədə qısa müddətdə ölkəmizin dünyanın varlı ölkələrindən birinə çevriləcəyi şübhə doğöurmur.