Əmisinin evindən oğurluq edən Masallı sakini həbs edilib

9 Fevral 2011 03:39 (UTC+04:00)

Masallı rayonunda daha bir oğurluq faktının üstü açılıb. Rayon Polis Şöbəsindən (RPŞ) SİA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Qodman kənd sakini Şahnaz Urfan qızı Həmidova RPŞ-ə ərizə ilə müraciət edərək evindən 16 min manat və 2500 ABŞ dollarının, həmçinin qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Ərizə əsasında yaradılan əməliyyat qrupu axtarışlara başlayıb. Nəticədə Ş.Həmidovanın qaynı oğlu, 1993-cü il təvəllüdlü, Eduard Əliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

İlkin araşdırmalardan sonra o, oğurluq faktını etiraf edərək bu pullarla özünə avtomobil, kompyuter və velosiped aldığını etiraf edib.

Əlavə edək ki, E.Əliyevin valideynləri vəfat etdiyindən nənəsinin himayəsində yaşayıb.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 177.2.3 və 177.3.2 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.