Mübariz İbrahimov haqqında hazırlanan filmin təqdimatı keçirilib-TƏDBİR

9 Fevral 2011 03:27 (UTC+04:00)
Bu gün Xətai rayonu 138 saylı orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən məktəbin direktoru Mirfaiq Mirheydərli milli qəhrəmanın keçdiyi şərəfli həyat yoluna nəzər salıb. O bildirib ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub: "1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılan qəhrəman əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib".

Direktor əlavə edib ki, Azərbaycan vətənpərvər övladları, oğulları hər zaman öz vətəninin müdafiəsi uğrunda vuruşmağa hazırdırlar. Ölkənin hər zaman belə oğulları ilə fəxr etdiyini deyən o, milli qəhrəmanların ailəsinə həmişə dövlət tərəfindən qayğı göstərildiyini qeyd edib.

Tədbirin davamında məktəbin tədris işləri üzə müavinləri, müəllimlər qəhrəman haqqında öz təəssüratlarını bölüşüblər.

Tədbirin sonunda Mübariz İbrahimovun həyatına həsr olunan film təqdim olunub. Bu filmdə qəhrəmanın keçdiyi şərəfli həyat yolu məktəbin 2a və 4 v sinif şagirdləri tərəfindən canlandırılıb. 30 dəqiqəlik film şair Rauf İlyasoğlunun əsəri əsasında çəkilib və burada Mübariz İbrahimovun həyatı, əsgərlik xidmətindəki mübarizliyi, göstərdiyi şücaətləri, qəhrəmancasına həlakı əks olunub. Film məktəbin müəllimləri Elmira Heybətova, Gülər Abdullayaeva və Kəmalə Cəfərovanın birgə səyi və təşkilatçılığı ilə hazırlanıb.