"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzindədir" ÖZƏL-ŞƏRH

19 İyun 2019 15:55 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir. İyunun 18-də dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqının 250 manata qədər artırılması, eləcə də müxtəlif kateqoriyalar üzrə əməkhaqlarının artılıması bu faktı bir daha təsdiqləyir. Ölkəmizin iqtisadi inkişafı insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyub. Onun sözlərinə görə, əhalinin sosial rifahının yüksəldilməsi üçün lazımi addımlar atılır: “Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Millət vəkilinin sözlərinə görə, sosial siyasətdən bəhs edərkən son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımlar xüsusi vurğulanmalıdır. Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğındə birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisi, minimum əməkhaqqının və minimum pensiyanın artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir. Deputat deyib ki, dövlət başçısının problemli kreditlərin həlli ilə bağlı verdiyi qərar da vətəndaşlarda böyük məmnunluq doğurdu. Bu faktlar bir daha təsdiqləyir ki, dövlət vətəndaşları narahat edən məsələlərin həllinə diqqətlə yanaşır.

“Beləliklə, sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılması özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq. Cənab Prezident tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”-deyə, S.Fətəliyeva vurğulayıb.