Oğuz rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

18 İyun 2019 16:20 (UTC+04:00)

Oğuz rayon icra hakimiyyətinin iclas zalında 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Oğuz rayon icra hakimiyyəti başçısının müavini Yusubov Etibar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb.Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov geniş məruzə ilə çıxış edərək, Ümummilli Lider müasir Azərbaycanın qurucusu və memarı, Dahi Şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Bu gün də bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə çıxış edən Teymur Atakişiyev və başqaları bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərtdir. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyinin təməlləri möhkəmləndi. Qeyd olunub ki, Ulu Öndərin qurub-yaratdığı Azərbaycan müasir dövrümüzdə Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daha da qüdrətləndirilərək, regionun lider dövlətinə çevrilib.
Tədbirdə Respublika Fənn Olimpiadalarında yüksək nailiyyət əldə edən 6 nəfər şagirdə YAP Oğuz rayon təşkilatı və Oğuz Rayon Təhsil Şöbəsi tərəfindən pul mükafatı təqdim edilib.
Gənc nəslin təlim-tərbiyəsində xidmətlərinə və şagirdlərinin Respublika Fənn Olimpiadasında əldə etdikləri yüksək nəticələrə görə, 4 nəfər müəllim Emin Əzimli, Mətanət Kərimova, Samir Cəbrayılov və Şəfəq Hacıyeva YAP Oğuz rayon təşkilatı və Oğuz Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanı ilə təltif olunub.
Sonda tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
ZÜMRÜD BAYRAMOVA