“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin yekun konfransı keçirilib-TƏDBİR
9 Fevral 2011 00:24 (UTC+04:00)
Bu gün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin yekun konfransı keçirilib. SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın dövlət orqanlarının, təhsil müəssisələrinin və biznes qurumlarının nümayəndələri iştirak ediblər.
Konfransın açılışında iştirak edən təhsil naziri Misir Mərdanov AzVET layihəsinin Azərbaycanda ilk peşə-ixtisas təhsili (İPİT) üçün yeni milli strategiyanın formalaşdırılması və işəgötürənlərin ehtiyacları üzərində qurulmuş yeni İPİT proqramlarının hazırlanması və sınaqdan keçirilməsi sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. O bildirib ki, uzun illər müəyyən obyektiv və subyektiv səbəblərdən ciddi işlər görmək mümkün olmayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" təsdiq edildikdən sonra bu sahədə çox mühüm işlərə başlandı. Bu sahədə müəyyən işlərin görüldüyünü deyən nazir qeyd edib ki, nə Təhsil Nazirliyi, nə də digər qurumlar görülən işlərlə kifayətlənməməlidir, çünki bu hələ ki işin başlanğıcıdır.
Daha sonra o, "İlk peşə-ixtisas təhsilinin mövcud vəziyyəti, problemlər və perspektivlər" mövzusunda məruzə ilə çıxış edib: "Azərbaycanda 108 peşə təhsili müəssisəsi var. Bunlardan 46-sı peşə liseyləri, 60-ı sırf peşə verən məktəblər, 2-si isə peşə mərkəzləridir. Son 3 ildə peşə məktəblərində şagirdlərin sayı 2 min nəfər artıb. Son 4 ildə faktiki şagird qəbulu 3 mindən çox artıb. 2005-2011-ci illərdə peşə ixtisası təhsilinə dövlət büdcəsindən ayırmalar 4 dəfədən çox artıb. Ancaq bu rəqəmlər də hələ ki artır. Ancaq bu vəsait kifayət etmir. Hazırda ölkədə 108 peşə məktəbindən 78-nin əsaslı təmirə ehtiyacı var, 24-ü isə işləməyə yararsız vəziyyətdədir. 55 məktəbdə isə 3258 ailə və ya 14 111 nəfər qaçqın və məcburi köçkün məskunlaşıb. 2010-cu ildə peşə müəssisələrini 10602 nəfər bitirib ki, onlardan 3670-i işlə təmin olunub. Məzunların 3084-ü hərbi xidmətə gedib, 185 nəfər isə təhsilini davam etdirir. Peşə məktəblərinin məzunları neft, qaz, kimya, elektronika, ağac emalı və digər sahələrdə işləməyə üstünlük verirlər".
Tədbirin davamında çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfri Roland Kobia təhsilin hər bir ölkə üçün əsas açar və dəyər olduğunu deyib. Onun fikrincə, təhsil ölkənin bünövrəsi və inkişafının əsas göstəricisidir: "Bir çox hallarda bizlərə sual verirlər ki, Avropa İttifaqı Azərbaycanda ancaq neft və qaz layihələri həyata keçirmək üçün gəlib? Bu belə deyil. Avropa İttifaqı Azərbaycana ancaq neft və qaz üçün gəlməyib. Biz əslində ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq etmək, bu əlaqələri daha da genişləndirmək istəyirik. Təhsil Nazirliyi ilə icra olunan bu layihə də onu təkzib edən sübutdur. Bu layihənin davamında görəcəyimiz işlər hələ ki var və nazirliyin birbaşa dəstəyi ilə bunlar davam etdiriləcək".
Daha sonra layihənin rəhbəri Ann Castis, beynəlxalq ekspertlər Devid Hardi, Aleksandr Siboni proses barədə ətraflı təqdimatlar ediblər. Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhimov isə biznesin inkişaf etməsi və uğur qazanmasında İPİT sisteminin vacibliyi barədə danışıblar. Tədbirin sonunda mövzu ətraında müzakirələr aparılıb.
Qeyd edək ki, layihənin uğurlu olmasının əsas səbəbi layihənin tərəfdaşlarının göstərdiyi dəstək olub. Təhsil, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf, Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin İPİT müəssisələri və biznes qurumları layihənin fəaliyyətlərində aktiv iştirak ediblər. Belə ki, onlar layihənin İşçi Qrupunun və Təsdiq Komissiyasının fəaliyyətində böyük rol oynayıb.