Moldova Konstitusiya Məhkəməsi ölkədə siyasi böhran yaradan qərarlarını ləğv edib

15 İyun 2019 21:13 (UTC+04:00)

Moldova Konstitusiya Məhkəməsi bu gün keçirilən iclasında iyunun 7-si və 9-da qəbul etdiyi qərarları ləğv edib.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, Moldova Prezidenti İqor Dodon ölkədə siyasi böhrana son qoyulduğunu bildirib. Konstitusiya Məhkəməsi parlamentin yeni Baş Nazirin və spikerin təyin olunmasına dair qərarlarını da ləğv edib.

Bir həftədən çox idi ki, Moldovada siyasi gərginlik hökm sürürdü. Moldova Konstitusiya Məhkəməsi parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə Prezidentinin səlahiyyətlərinin müvəqqəti icrasının Baş Nazir Pavel Filipə həvalə olunması barədə qərar vermişdi. Bununla da İqor Dodonun prezidentlik səlahiyyətləri dondurulmuşdu. Pavel Filip isə sentyabrın 6-da Moldovada növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair fərman imzalamışdı.

Siyasi gərginlik artdıqdan sonra Pavel Filip hökuməti istefa verdiyini açıqlayıb.