“Qəbələ”dən bir gündə ikinci transfer

15 İyun 2019 20:19 (UTC+04:00)

2019-2020-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” bu gün heyətinə ikinci futbolçunu da qatıb.

SİA-nın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Sadiq Quliyevlə 1 illik müqavilə imzalayıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı müdafiəçi 2020-ci ilə qədər komandanın formasını geyinəcək.

Sadiqin Premyer Liqada ilk klubu da “Qəbələ” olub. O, 2012-15-ci illərdə, həmçinin 2016/17 mövsümündə “qırmızı-qara” forma geyinib. Müdafiəçi bu müddətdə 13 çempionat, 3 kubok və 1 avrokubok matçında iştirak edib.

“Qəbələ”dən başqa yalnız “Zirə”də çıxış edən Sadiq 2015/16 mövsümündə və 2016-19-cu illərdə paytaxt təmsilçisində çıxış edib. O, Premyer Liqada ümumilikdə 74 oyun keçirib.

Müdafiəçi Azərbaycanın U-17, U-19, U-21 və U-23 yığmalarının da heyətində forma geyinib.