Millət vəkili: “Ermənistanın Azərbaycan ordusuna davam gətirəcək hərbi gücü yoxdur" - AÇIQLAMA

8 Fevral 2011 20:01 (UTC+04:00)
"Ermənistan bu gün hərbi əməliyyatların əleyhinədir. Ona görə ki, onun Azərbaycan ordusuna davam gətirəcək hərbi gücü yoxdur". Bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında deyib. Ermənistanın hərbi qüdrətinin Azərbaycanla müqayisədə qat- qat aşağı olduğunu dilə gətirən millət vəkili bildirib ki, Ermənistanın hərbi büdcəsi 400 milyon, Azərbaycanda isə bu rəqəm 3 milyard dollardır. A. Mirzəzadə deyib ki, ölkəmizin hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çox olmaqla yanaşı, üstəlik onların hərbi büdcəsindən 7.5 dəfə çoxdur: "Bu gün Ermənistanın hərbi texniki ləvazimatla təchizatında çox böyük problem var. Azərbaycan bu gün onlara problemin sülh yolu ilə həll olunmasına əsas verir. Olacaqsa, bu Ermənistanın xeyrinədir. Olmayacaqsa, əlbəttə ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün istənilən an fəaliyyətə başlamağa hazırdır".

Açıqlaması zamanı Ermənistanın Dağlıq Qarabağ ərazisində hərbi təlimlər keçirməsi məsələsinə toxunan millət vəkili bildirib ki, Ermənistanın Dağlıq Qarabağ ərazisində təlimlər keçirməsi sadəcə görüntü xarakteri daşıyır. Onun sözlərinə görə, bununla Ermənistan hərbi maşınının qüvvədə olması təəssüratı yaratmaq istəyir: "Çox maraqlıdır, Ermənistan silahlı qüvvələri heç bir zaman öz ərazilərində təlim keçirmir. Onların təliminin nəticəsini biz Azərbaycan ordusunun giziri Mübariz İbrahimovun qəhrəmanlığında sınadıq. Məlum oldu ki, onların tərifli erməni ordusu mifdən başqa bir şey deyil. Azərbaycan onun gücünə, qüvvətinə kifayət qədər yaxşı bələddir. O baxımdanda onların Dağlıq Qarabağ ərazisində təlimlər keçirməsinin ölkəmiz üçün heç bir təsir mexanizmi yoxdur. Ermənistan silahlı qüvvələrinin işğal olunan ərazilərdə təlim keçirməsi onların işğalçı olduğunu bir daha sübut edir".