Bakıda Portuqaliyanın Milli Günü qeyd olunub

14 İyun 2019 01:45 (UTC+04:00)

Bakıda Portuqaliyanın Milli Günü təmtəraqlı formada qeyd olunub.

SİA xəbər verir ki, tədbirdə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, həmçinin,digər hökumət nümayəndələri iştirak ediblər.

Portuqaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paula Da Silva Portuqaliyanın Milli Gününü Azərbaycanda qeyd etməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb. O bildirib ki, portuqal xalqı Avropanın ən qədim xalqlarındandır. Onun sözlərinə görə, portuqal dili 5 qitədə 300 milyon tərəfindən danışılır və poeziya, innovasiya və elm dili hesab olunur.

Səfir qeyd edib ki, son illərdə Portuqaliyanın ümumi daxili məhsulu (ÜDM) 7 faiz artıb. O, həmçinin Azərbaycan xalqını 28 May Respublika günü münasibətilə təbrik edərək hər kəsi Portuqaliyaya səfər etməyə dəvət edib: "Portuqaliya Azərbaycanın strateji əhəmiyyətinin fərqindədir. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsini alqışlayırıq".

Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Portuqaliya xalqını Azərbaycan hökuməti və xalqı adından təbrik edib. A.Rəhimov bildirib ki, Azərbaycan və Portuqaliya arasında diplomatik əlaqələr 1992-ci il avqustun 4-də yaradılıb.

Nazirin sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir: "Azərbaycan Portuqaliya ilə ikitərəfli əlaqələrin inkişafına yüksək önəm verir. Azərbaycan Portuqaliyanın ölkəmizin ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin həllində respublikamızın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir. Son illər ölkələrimiz arasında turizm, mədəniyyət və ticarət sahələrində əməkdaşlıq genişlənir. Əminəm ki, əlaqələrimiz gələcəkdə daha da güclənəcək".

A.Rəhimov əlavə edib ki, iki ölkə arasında ticarətin əlaqələrinin mövcudluğuna baxmayaraq, bu sahədə görüləsi işlər çoxdur.